Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Danışma da

Ay Məhəmməd, sənə heç nəsihət də kar eləmir,
Anasız körpə uşaq sən kimi ah-zar eləmir,
Sabirin yazdığı tiplər hələ də ar eləmir!
Dilini qarnına qoy, lal-kar otur, qarışma da!
Bilirsən haqq yerimir, ağzını yum, danışma da!

Qoy qırıb məhv eləsin bir-birini rusla xaxol,
Danışan olsa nahaq, sən dilucu söylə: sağ ol!
Çörəyindən ötəri hər itə-qurda ortağ ol,
Partlayıb bomba kimi sən o saat alışma da!
Bilirsən haqq yerimir, ağzını yum, danışma da!

Çoxu əyləncə üçün cəngə soxur öz başını,
Anlamır zalım urus məhv eləyir qardaşını,
Başa salmaq da çətindir yolagəlməz naşını!
Onu qandırmaq üçün sən hədərə çalışma da,
Bilirsən haqq yerimir, ağzını yum, danışma da!

Əgərçi arta yaşın, yetmişə də dolsa belə,
Lap həyasız birisi saqqalını yolsa belə,
Haqqa düşmən kəsilən dostun əgər olsa belə,
De:sən öl doğru deyirsən, içində barışma da!
Bilirsən haqq yerimir, ağzını yum, danışma da!

Məmməd Əvəzoğlu.02.03.2025.