Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavanşir Feyziyev: 

Tramp-Zelenski “qalmaqalının” pərdəarxası

Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron heç belə nəzakətli qarşılanmağa layiq görülməmişdi.

Amma daha sonra baş verənlər olduqca şübhəli görünür.

Ən maraqlı sual budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan “qalmaqal” nə idi?

Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini “qəhrəman” elan edənlər və ya əksinə Trampı tərifləyib Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf- çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub- olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək. Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?

Bir ehtimal o ola bilər ki, bu Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou idi. Tramp administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilərdi. Zelenskinin ABŞ- dan təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım etməyə sövq etmək üçün oynanıla bilər. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ və həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında “şoumenlik” stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir.

İkinci ehtimal isə odur ki, əgər bu qalmaqal öncədən ssenariləşdirilməyibsə və bu vəziyyət real olaraq spontan şəkildə yaranıbsa, o zaman Ukraynanın başı bəladadır. O zaman Ukrayna dərhal Zelenskini hakimiyyətdən qovmalı və dövləti bu ağır vəziyyətdən ən az itkilərlə çıxarmağa qadir olan və Ağ Evlə danışıqlar aparmaq üçün müvafiq siyasi davranış qaydalarını yaxşı mənimsəmiş bir adam tapmalıdır. Doğrusu, Zelenskinin həqiqətən özünü bu cür aparması heç inandırıcı görünmür. O yeri gəldi, gəlmədi Trampın və digərlərinin cavablarına müdaxilə edir və doğrusu, özünü çox xam və siyasətdən uzaq bir diletant kimi göstərirdi. 3 il davam edən müharibənin gedişində saysız- hesabsız görüşlər keçirmiş bir dövlət başçısının bu cür davranması isə ağlabatan gprünmür. Ona görə “şou” ehtimalı daha inandırıcı görünür.

* * *

Elməddin Quluyev

Bu görüş Putinlə Trampı qarşı-qarşıya gətirmək kimi bir oyuna bənzəyir.Zelenski özünə arxa axtarır onu da yəqin ki Trampdan qabaq tapıb.Şəmsiyə altına girib Zelenski.

Turan Turanzadeh

Həmin görüşdə dövlət başçılarının davranışlarının necə görünməsindən asılı olmayaraq vəziyyətin Rusiyanın xeyrinə dəyişəcəyini ehtimal etmirəm. Rusiyanı müdafiə etmək yaralı ilanı sağ buraxmağa bənzəyir. İndiki vəziyyətdə Rusiya ən etibarlı qulu olmuş Ermənistana lazım deyilsə deməli heç kimə lazım deyil.Ukraynaya yardım edənlər öz gələcəklərinə yardım edirlər. Bu səbəbdən həmin müharibə ilanın başının əzilməsi ə qədər davam edəcəyini düşünürəm. Düzdür kömək edən dövlətlər istənilən halda öz ölkələrinə zərər dəyməsini əleyhinə olsalarda, faktiki olaraq yardım etməyə məhkumdurlar.

Samur Deresi

Tam düzgün fikirdəsiniz hörmətli Cavanşir müəllim . Görüşün həqiqətən belə keçəcəyini Zeleniski əvvəlcədən bilirdi və görüşə gəlməyə bilərdi . Şou ehtimalı yüksəkdir .

Mirsahin Sariyev

Hörmətli Cavanşir müəllim çox düzgün dediniz “ŞOU”-nu, axı Zelenski sırf olaraq aktyor Tramp isə aktyorluğa bənzər hərəkətlərilə diqqət çəkir və daha çoxdu onun üçündə bu bir qabaqcadan hazırlanmış və danışılmış senaridi.

Hüseyn Xəzər

Maraqlı yanaşmalardır. Amma səhnə də çox maraqlı və müəmmalı idi.

Bilmək olmur, Zelenskinin aktyor məharətinin yüksək olması, siyasətdə hələ ibtidai sinif uşağı olması və ya o ki var döyülmüş birinin (güvəndiyi kəsin onun arxasından qaçmasıyla bağlı) təntiməsi, təşvişə düşməsi? Yaxın gələcəkdə görəcik. Bir şeyə əminəm ki, bütün bunların zərəri Türkiyə və Azərbaycanımızdan yan keçəcək, əksinə xeyrimizə işləyən bir sıra amillər olacaq.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.