Onun əsərlərində əlvan rənglərin rəqsi
Ölkəmizin keçmişdən bu günə gələn böyük inkişaf yolu keçmiş mədəniyyəti tarix boyu bütün düyaya səs-səda salmışdır. Mədəniyyətin bütün sahələrində, o cümlədən rəssamlıqda böyük ustadlar yetişmiş, onlar da öz tələbələrinə yol göstərərək gələcəyin uğurlu rəssamlarını yetişdirmişlər. Bu gün bizim muzeylərimizi, qalereyalarımızı bəzəyən dahi rəssamlarımızın əsərləri ölkəmizə dörd bir yandan səfər edən xarici qonaqları, ziyarətçiləri heyran edir. Azərbaycan incəsənəti isə hər gün daha da inkişaf edərək öz sözünü bütün dünyada deməyə davam edir. Böyük ustadlardan, Azərbaycanın Xalq Rəssamlarından dərs alaraq bu günki incəsənətimizi təmsil edən olduqca istedadlı gənclərimiz sözsüz ki, az deyil. Sözügedən gənclərdən biri də istedadlı rəssam Elnarə Xanlarovadır. Gəlin biraz onun həyat və yaradıcılığından bəhs edərək bu sahəyə necə gəlməsindən söhbət açaq.
Xanlarova Elnarə İslam qızı 28 dekabr 1987-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Fikrət Tağıyev adına 72 saylı tam orta məkəbdə təhsil almışdır. Qələm tutmağı, oxumağı, yazmağı öyrəndiyi bu məktəbdən 2002-ci ildə ayrılır. Daha sonra 2003-cü ildə Bakıxanov qəsəbəsi 1 saylı Bakı Peşə Liseyinə qəbul olunur. Hələ kiçik yaşlarından rənglərə böyük duyumu olan Elnarə rəssamlığa böyük maraq göstərir. O, rəssamlıq sənətinin sirlərinə bələd olmaq üçün rəssam Məzahir Rüstəmovdan rəsm dərsləri almağa başlayır. Böyük marağı olan bu sahədə uğurlara qədəm qoyqudca məqsədləri də artmağa başlayan gənc qız peşəkar rəssamlıq təhsili almağın vacib olduğunu düşünərək yeni addımlar atmağa başlayır. Beləliklə o, çox keçmədən, 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsinə “Rəssamlıq” ixtisası üzrə qəbul olunur. Akademiyada təhsil aldığı illərdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Arif Kazımov, Bəxtiyar Yusifov, Telman Abbasov kimi bir çox rəssamlardan bu sənətin dərinliklərini öyrənir.
Elnarənin uğurlu təhsil illəri ötdükcə vaxt gəlib çatır diplom müdafiəsinə. Gənc rəssam qız “Kino və televiziya” mövzusunu seçir. Bu yolda ona Azərbaycan Respublikasının Xalq Rəssamı kino, geyim və dekor rəssamı Mayis Ağabəyov böyük dəstək olur, yol göstərir. O, kino rəssamlığı haqqında bilmədiyi bir çox yeniliyə bələd olur. Viktor Hüqonun “Səfillər” romanını müdafiə mövzusu olaraq seçməyi qərara alır. Böyük bir sevgi ilə çalışaraq rəsm əsəri ərsəyə gətirir. Həmin tablo müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək dəyərləndirilir. Bu uğur və Mayis Ağabəyovun ona bu yolda güvənib dəstək olması gənc qızın bu sənətdə həvəslə davam etməsində böyük rol oynayır. O, bir çox Respublika bə Ümumdünya sərgilərində iştirak etməyə başlayır, bu sərgilərdə müxtəlif diplom və mükafatlara layiq görülür. Beləcə ölkə üzrə istedadlı rəssam kimi adını tanıtmağa da nail olur.
Elnarə Xanlarova gənc olmasına baxmayaraq daim yaradıcılıq axtarışında olaraq öz dəst-xətti olan rəssamlardandır desək, yanılmarıq. İstər kağız üzərində çəkdiyi qrafik əsərlərdə, istərsə də kətan üzərinə həkketdiyi yağlı boya, akril texnikalı əsərlərində bunu görüb hissetmək olur. Kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus dəst-xəsttinin formalaşmasında mühüm rol oynayıb. “Sübh çağı”, “Kəlağayı”, “Zəfər Tağı”, “Avtoportret”, “Bahar müjdəli naturmort”, “Gövhərağa məscidi”, “Şərq Sənəmləri” , Çayxor”, “Sevgi nəğməsi”, “Ağoğlan monastırı”, “Balıqçılar evi “ və s. kimi bir çox əsərləri öz əlvan koloriti və maraqlı süjet xətti ilə seçilir. O, sadə və mürəkkəb kompozisiyalı əsərlər yaratmağa, əsərlərində işıq - kölgə effektlərindən uğurla istifadə etməyə nail olur. İstedadlı rəssamın təsvir etdiyi təbiət təsvirləri və insan obrazları şən əhval-ruhiyyəli, olduqca nikbin və gözəldir.
Elnarə vaxt tapdıqca rəssam dostları ilə plenerlərə qatılaraq gördüyü canlı, füsunkar təbiətin gözəlliklərini, əlvan günəşi, göy üzünü, mavi buludları, yam-yaşıl ağacları zəngin rənglərin ahəngi ilə təsvir etməyin vurğununa çevrilir. O, 2018-ci ildən etibarən bir çox festivallara qatılır və həmin ərəfələrdə “Başlanğıc” adlı kataloqu dərc olunaraq sərgisi keçilir. Gənc rəssam bir müddət İçərişəhərdə yerləşən “Medina” Gallery-də fəaliyyət göstərmişdir.
Bu gün öz yolunu tapmağı bacaran Elnarə Xanlarovanın əsərləri sözsüz ki, gələcəkdə çox gözəl qalereyaların, muzeylərin daimi ekspozisiyalarını bəzəyəcəkdir.
Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi,
Azərbaucan Rəssamlar İttifaqının Gənclər bölməsi üzrə
Prezident təqaüdçüsü
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg.jpg)
.jpeg.jpg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)