Ziyarət Qəhrəmanova-Cabarova:
Azərbaycanın mədəni-estetik həyatında,
incəsənətdə qadının rolu
Böyük kainatımızın kiçik parçası olan bu dünyamızda mərdliyi, şücayəti, ləyaqətliliyi ilə seçilən qadınlarımız olmasa dünyanın şəfəqi də sönərdi məncə.
Tariximizə nəzər salsaq görərik ki, hələ lap qədim zamanlardan ülvilik, gözəllik, incəlik rəmzi olan qadınlar mədəni-estetik, ictimai-siyasi, elmi-mədəni həyatımızda böyük rol oynayaraq əvəzsiz xidmətlər göstərmişdir. Xalqımız isə elə əzəl gündən qadına böyük dəyər vermişdir. Bunun ən başlıca göstəricisi isə iyirminci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdən artıq qadına seçib, seçilmək hüququ verilmişdi. Buna baxmayaraq həmin dövrlərdə bir çox Avropa ölkələrində hələ də bu şans qadınlara verilməmişdi. İstər Sovet hakimiyyəti, istərsə də demokratik respublika qurulduqdan sonra qadınlarımız hər zaman yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə səmərəli istifadə edib.
Ədəbiyyatımız, mədəniyətimiz, incəsənətimizdə istər qadın sənətkarlarımız, istərsə də qadın mövzusu hər zaman böyük önəm kəsb edərək əsas yer tutub. Erkən dövrlərdə qadınlar qayaüstü təsvirlərdə öz imzalarını ataraq bu kainatda “mən də varam” deməyi bacarmışdır. İndi biz o təsvirlərə nəzər saldıqda qadınların keçmişdən bu günümüzə gələn böyük əzminin, rolunun fərqinə varırıq.
Həm şifahi, həm yazılı xalq ədəbiyyatında, rəngarəng nağıllarımızda, dastanlarımızda qadın obrazlarına hər zaman böyük yer verilib. Biz bunu Dədə Qorduq dastanının boylarında, Nizami Gəncəvinin Xəmsəsində və s. Aydın şəkildə görürük.
Zəngin ədəbiyyatımızda yer alan qadın qəhrəmanlarımız Selcan Xatun, Banuçiçək, Nigar və Həcər eşq vüsalının maneələrini aradan qaldırmaq üçün əllərinə qılınc alırdılarsa, Əsli, Pəri, Şahsənəm, Sara və Gülgəz saz və söz sənətini nümayoş etdirməklə öz sənətləri və fədakarlıqları ilə sevgiləri uğrunda mübarizələrini aparırdılar. Nizami Gəncəvinin Nüşabə, Şirin, Leyli kimi qadın obrazları Azərbaycan qadınının ən gözəl poetik formada təsvir edilmiş formasıdır desək, yanılmarıq.
Rəssamlıqda isə sənətkarlarımızın təsviri sənətdə müraciət etdikləri qadın obrazları obrazları görünüş və xarakterlərinə görə rəngarəngdir. Bunun başlıca səbəbi isə bu obrazların fərqli dövrlərdə, fərqli məkanlarda təsvir olunmasıdır. İlk zamanlar rəssamlarımız qadın obrazları canlandırarkən dahi şairlərimizin yaratdıqları obrazları öz əsərlərində canlandırırdılar. Nizami Gəncəvinin Leylisi, Fitnəsi, Şirini rəsmlərdə, miniatürlərdə ustalıqla öz əksini tapmış, hətta həmin təsvirlər bu günümüzə kimi gəlib çatmışdır.
İllər keçdikcə, zaman ötdükcə rəssamlar qadın gözəlliyini artıq rənglərin dili ifadə etməyə başlayır. Onlar öz yaratdıqları qadın obrazlarını üzə çıxarır. Fırça ustaları öz əsərlərində Azərbaycan qadınının gözəlliyi fonunda milli geyimlərimizi, zinət əşyalarımızı, atributlarımızı təsvir edərək kətan üzərində canlandırmışlar. Azərbaycanın məşhur Xalq Rəssamlarından Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Oqtay Sadıqzadə, Tahir Salahov, Ələkbər Rzaquliyev,
Altay Hacıyev, Tokay Məmmədov, Arif Hüseynov, Maral Rəhmanzadə, Həyat Abdullayeva, Hafiz Zeynalov və s. Bir çox sənətkarlarımızın yaradıcılığına nəzər saldıqda qadın mövzusuna böyük önəm verdiklərini görürük.
Biz qadın mövzusuna toxunmuşkən öz rəngarəng koloriti, mövzusu və eyni zamanda möhtəşəmliyi ilə seçilən Azərbaycan Respublikasının Xalq Rəssamı Toğrul Nərimanbəyovun “Ana” adlı portret əsərindən də bəhs etməliyik. Rəssamın 1966-cı ildə ərsəyə gətirdiyi bu əsər kətan üzərində yağlı boya texnikası ilə təsvir olunmuşdur. Real və romantik obraz kimi təsvir olunmuş portretə nəzər salanda üzü qırışlı, düşüncəli və uzaqlara dalğın formada baxan, ağ saçları olan bir yaşlı, ağbirçək qadın görürük. Sənət dünyasına öz möhürünü vuran bu əsərdə rəssam öz dayəsini model olaraq seçmişdir.
Təbii ki, ilk qadın rəssamlarımızdan da söhbət açmalıyıq. Rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, teatr-dekor rəssamlığı sahəsi, heykəltəraşlıqda ilklər.Azərbaycanda ilk professional qadın rəssam Qeysər Kaşıyeva və ilk peşəkar təhsil almış qadın rəssam Vəcihə Səmədova.
Vəcihə Səmədova Azərbaycan rəngkarlığının kraliçası adlanır. O aspirantura səviyyəsinə çatmış ilk qadın rəssamımızdır. Yaradıcılığının əsas mövzu da elə güclü qadın obrazlarıdır. Misal olaraq Şamama Həsənova, Gilas Verdiyeva, “Aktrisa Leyla Bədirbəyli”nin portret əsərlərini göstərmək olar. Rəssamın
Yaradıcılıgının şah əsəri “Aktrisa Leyla Bədirbəyli”nin portretidir. Bəhs edilən bu tablo 1954-cü ildə ərsəyə gəlmişdir. Vəcihə Səmədova bu əsərində qadın gözəlliyi, cazibəsi, istedadı, təfəkkürünü əks etdirməyə çalışmışdır. Gümüşü-yasəməni tonların ən zərif nüanslarından işlənmiş bu portreti Azərbaycan portret rəngkarlığı tarixində şedevr əsər kimi də qiymətləndirmək olar. Əsərdə canlanmış kövrək, zərif qız obrazında böyük əzmin hiss olunduğunu aydın şəkildə görmək olar.
Portretin kompozisiyası, zərif rəng koloriti, xırda ayrı-ayrı detallar böyük ustalıqla işlənmişdir. Arxa fonda təsvir olunan güzgü obrazın gözəlliyini, zərifliyini hərtərəfli izləməyə imkan yaradır.
Şərqin ilk azərbaycanlı qadın heykəltəraşı Zivər Məmmədova- yaradıcılığında görkəmli şəxslərin fərdi obrazlarını ardıcıl surətdə canlandırmışdır. Buna misal olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin gipsdən heykəlini göstərmək olar. Bu abidə bəstəkarın naturadan çəkilmiş yeganə portreti kimi tarixə düşüb. Zivər xanım görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anasıdır.
Təhsil almış ilk qadın teatr-dekor rəssamı Əfqanlı Bədurə- rəssamlıq sənətində bir çox ilklər məhz onun adı ilə bağlı oldu. O, Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biri idi. Rəssamın tamaşalara təsvir etdiyi maraqlıgeyim və dekorasiya eskizləri öz möhtəşəmliyi ilə seçilərək bu gün də görənləri heyrətləndirməyi bacarır.
İlk qadın qrafika ustası- Rəhmanzadə Maral. Eyni zamanda neft mövzusuna müraciət edən ilk qadın rəssamlarımızdan olub. Birinci əsəri də elə qadın azadlıgına həsr olunmuş əsər idi. O, yaradıcılığı boyunca qrafikanın bütün janrlarına müraciət etmişdir.
Peşəkar xalça ustası, “Əmək veteranı” medalı laureatı- Zibeydə Şeydayeva. Ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirən Zibeydə Şeydayevanın toxuduğu incə xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilən ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilib. Ən qocaman əmək veteranı Zibeydə Mikayıl qızı Şeydayeva 1981-ci ildə 121 yaşında vəfat edib.
İlk Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş qadın rəssamımız Reyhan Topçubaşova olmuşdur.
Günümüzün qadınları hələ də şanlı tariximizə, nəğməli, bayatılı ədəbiyyatımıza, ən əsas həyatımıza naxış vurur, bəzək salırlar.Bu gün yüzlərlə dövlət adamı, mədəniyyət xadimi, şair , ədib arasında çoxlu sayda qadınlar yer alır. Həmin qadınlar arasınıda adını tarixə qızıl hərflərlə həkk edənlər də az deyildir. Sonda H. Cavidin qadın dəyərlərindən bəhs edən bu misralarını yazmaq istərdim:
Qadın gülərsə, bu ıssız mühitimiz güləcək.
Sürüklənın bəşəriyyət qadınla yüksələcək.
Ziyarət Qəhrəmanova-Cabarova-
(Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının
Böyük Elmi İşçisi, Prezident təqaüdçüsü)
.jpeg)
.jpg)
.jpeg)