Arkadi Qukasyan: Özünü elan etmiş rejimin “büdcəsini” Ermənistan formalaşdırıb
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam edən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs Arkadi Qukasyan etiraf edib ki, özünü elan etmiş rejimin “büdcəsini” Ermənistan formalaşdırıb.
A.Qukasyan Ermənistanın bu rejimin “büdcə”sinə ayırdığı vəsaitlərin “kredit” adlandırıldığını, lakin bu “kreditlərin” faizsiz və müddətsiz olduğunu bildirib.
“O vaxtlar buna “faizsiz kreditlər” deyirdilər”. Yəni, yaxın vaxtlarda kreditlərin qaytarılması məsələsi qaldırılmayıb. Bundan başqa, Ermənistanda Qarabağdan “ixrac edilən” və “idxal edilən” məhsulların gömrük məsələləri də həyata keçirilirdi. Ermənistan Dövlət Gömrük Xidmətinin Qarabağda “idxal” və “ixrac”la bağlı topladığı vəsaitlər də “faizsiz kreditlər”ə daxil edilib”, o əlavə edib.
Təqsirləndirilən şəxs bəyan edib ki, qondarma “Qarabağ malı”nın Ermənistan vasitəsilə xaricə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı altında özünü elan etmiş rejimin “büdcəsinə” ayırdığı vəsaitdən azdır.
O, həmçinin qeyd edib ki, Ermənistan gömrüyündən xaricə “ixrac edilən” “Qarabağ malı”nın mənşəyi kimi hansı ölkənin göstərildiyi barədə məlumatı yoxdur.
Xatırladaq ki, Ermənistanda sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və adətlərinin pozulması, o cümlədən terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyətin zorakılıqla ələ keçirilməsi və saxlanılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü və digər ağır hərbi cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam edir.