Klassiklərimiz 3 medal qazanıblar
Bu gün isə daha iki medal şansı var
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə U-23 Avropa çempionatı başa çatmaq üzrədir. Sərbəst güləş və qadın güləşinin ardından yunan-Romaçıların yarışı başlayıb. Dünən klassiklər 54 çəki dərəcəsində medallar uğrunda son görüşlərini keçiriblər. Azərbaycan yığmasının üç üzvü medal görüşlərinə qatılıb. Onlardan ən yaxşı nəticəni Ziya Babaşov (63 kq) göstərib. Final görüşünə çıxan Babaşov həlledici final qarşılaşmasında moldovali Vitali Yeriomenkaya minimal hesabla (1:3) uduzaraq U-23 Avropa çempionatında ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.
Daha iki güləşçimiz - Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Maraqlıdır ki, hər iki təmsilçimiz bürünc medal uğrunda görüşdə Çexiya təmsilçisinə qalib gəlib. Elmir Flip Bartosikə 8:0, Xasay isə Mixail Zelenkaya 9:1 hesabla qalib gəlib.
Bu gün isə daha iki güləşçimiz medal görüşünə çıxacaq. Bu cütlükdən Ruslan Nurullayev (72 kq) finalda, Elmin Əliyevsə (82 kq) bürünc medal uğrunda görüşəcək. Və bunla da, idman güləşi üzrə U-23 Avropa çempionatına yekun vurulacaq.
Hazırda Azərbaycan yığmasının aktivində 15 (3-5-7) medal var.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)