Əşrəf Veysəlli:
KÜR YOLU, ARAZ YOLU
Axşam üstü , birdən- birə
İşıq yağdı Kürdən Kürə.
Sanki səma endi yerə,
sanki yerlər səmalandı.
Dodağımda neçə bəstə,
durib çıxdım yolıar üstə.
Naz yeridi dəstə- dəstə,
ana torpaq xınalandı.
Qıvrım tellər çadır- çadır,
kölgəsində maral yatır.
Qara qaşlar ayparadır,
Qara gözlər can alandı.
Gəzmədiyim hara qaldı?!
Sükutumda haray qaldı-
Bəsdi qızlar subay qaldı,
bəsdi qızlar sonalandı.
Üzündə qəm vardı yarın,
içindəydim odun, qarın.
Bir meh əsdi narın- narın,
şəvə tellər şanalandı.
Qəmli gördüm mən eşqimi,
donub qaldım bihuş kimi.
Məcnun könlüm bir quş kimi
hardan hara havalandı.
Bir də gördüm Arazdayam,
o kədərli avazdayam.
Ha yalvardım bir az dayan,
Ulduz- ulduz o da yandı.
Nə axtarır gözüm orda,
haçan gedim, gəzim orda?!
Təb- im orda, riz- im orda,
TƏBRİZ dedim, hecalandı.
Görüşümüz yalan oldu,
o “ qal oğlu qalan” oldu.
Yollar dönüb ilan oldu,
ilan dili haçalandı.
Gözlərimdə Vətən dərdi,
Fatma nənəm sezib gördü.
Hicran üstə körpü hördü,
o tay, bu tay hanalandı.
A vüqarlı, mətin dağlar,
A yolları çətin dağlar
Başı qarlı bütün dağlar
Elə bildim SAVALANDI .
* * *
Xaqani Abbasali
Başı qarlı bütün dağlar,
Elə bildim Savalandı...
Var olun ustad,ədəbi camiamızın Savalanı...
Miraslan Bağırov
Elə bildim susamışam:şeiri su kimi başıma çəkdim.
ALLAH ustadı hifz eləsin
Mirzecan Agabalayev
Var ol, Ustad. Şeiri oxuya-oxuya elə bildim dünyada bir nəhr var-KÜR, bir səma var -Azərbaycan səması, bir dağ var- Savalan.
Əllərindən öpürəm. Allah qorusun !
Başı qarlı bütün dağlar
Elə bildim S A V A L A N D I !!!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.