Masallıda Novruz bayramı münasibətilə tədbir keçirilib
MİHİ Masallı rayon komitəsi, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev Mərkəzi, Onbirillik Masallı şəhər İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
Onbirillik İncəsənət Məktəbində keçirilən bayram tədbirində mədəniyyət nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşı, məktəbin şagird və müəllim kollektivi, şəhid övladları iştirak ediblər.
Əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgilərə baxış keçirilib.
Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin hazırladığı Ulu öndər Heydər Əliyevin Novruz şənliklərindəki çıxışlarından ibarət videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsi məktəbin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam edib. Novruzun əsas atributlarından olan Kosa ilə Keçəlin duzlu-məzəli çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.
Tədbirdə MİHİ Masallı rayon komitəsi tərəfindən şəhid övladlarına bayram hədiyyələri təqdim edilib.
Tədbir məktəbin həyətində hazırlanmış bayram tonqalının alovlanması ilə yekunlaşıb.









