Qasım Qasımzadə:
TƏBİƏTİN QIZ VAXTIDIR
Günəş baxır təbəssümlə –
Duman dönür qızıl tülə,
Buzlu şırran gəlir dilə:
Novruz çatıb, yaz vaxtıdır.
Yolda dardan dara düşüb,
Çox tufana, qara düşüb,
Bədxahları tora düşüb,
Kef-damağın saz vaxtıdır.
Şimşək çaxır, biz də çaxaq,
Yığıb dərdi qalaq-qalaq
Komasına qoy od vuraq,
Ocaq vaxtı, köz vaxtıdır.
Ara, axtar hər guşəni,
Gəz çəməni, gəz meşəni,
Opüb ayılt bənövşəni,
Təbiətin qız vaxtıdır.
Başqalaşıb üzü dönsə,
Çiçək üstdə qar görünsə,
Hərarəti artsa, sönsə,
İncimə ki, naz vaxtıdır.
Küsmüsənsə barış bu gün,
El-obaya qarış bu gün.
Gözaltınla danış bu gün,
Əhdin-eşqin düz vaxtıdır.
Çərşənbənin son axşamı,
Qoşa yanır tale şamı.
İstəyinə çatsın hamı,
Hər qismətin öz vaxtıdır.
Qasım Qasımzadə
* * *
Rafiq Yusifoglu
Ruhu şad olsun! Səhər- səhər bu sözlərə yazılan mahnını eşitmək çox xoş idi…
Etibar Ebilov
Tək İnsanın xarakteri olmur ki...Şeirin də xarakteri olur və belə şeirlər unudulmur...Unudulmaz Qasım müəllimi Allah rəhmət eləsin...
Feride Haciyeva
Elimin-obamın,azərbaycanın tanınmış yazıçısı,şairi Allah sizə rəhmət eləsin.Xoş məramlı şeirdən zövq aldım.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.