Fikrət Şiriyev:
Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda ilk Psixologiya Elmi Tədqiqat İnstitutu yaradılmışdır
20 mart tanınmış alim və ictimai xadim, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri(1997-2020), Milli Məclisin deputatı(2000-ci ildən)və Elm və təhsil komitəsinin sədri(2020-ci ildən), AMEA-nın müxbir üzvü (2007),psixologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Bəxtiyar Əliyevin ad günüdür.
Bəxtiyar Həmzə oğlu Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1978-ci ildə
M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik, 1998-ci ildə isə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyalarını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir.
Zəruri əhəmiyyət daşıyan "fizioloji affektin" məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bununla yanaşı şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. Bu model Türkiyə Respublikasında keçirilən beynəlxalq konfransda müzakirə edilmiş və aprobasiyadan keçmişdir. Eləcə də öyrənmənin dərketmə modeli ən mühüm nəticə kimi AMEA-nın hesabatlarına daxil edilmişdir.
Professor Bəxtiyar Əliyev 1997-ci ildən 2020-cci ilədək BDU-nun Psixologiya kafedrasına rəhbərlik etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik etmişdir.2018-ci ildə onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda ilk Psixologiya Elmi Tədqiqat İnstitutu yaradılmışdır.
Rəhbərliyi altında 36 namizədlik, 6 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
278 elmi əsəri çap edilmişdir, o cümlədən 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 228 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 55 elmi əsəri çap edilmişdir.
Professor Bəxtiyar Əliyev 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi "Elm və təhsil məsələləri komitəsi"nin, "Monitorinq komitəsi"nin üzvü və "Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə" alt komitənin sədri olmuşdur. 2005-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin "Elm və təhsil komitəsi"nin sədr müavini 2020-2025-ci illərdə həmin komitəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim və görkəmli ziyalı professor Bəxtiyar Əliyevi ad günü münasibətilə təbrik edirik.
* * *
Əsgər İsmayılov
Bəxtiyar müəllimi doğum günü və Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram...
Тарана Ахадова
Təbrik edirəm, sağlıqlı ömür arzu edirəm. Müvəffəqiyyətlər arzulayıram.
Yusif Farzaliyev
Təbrik edirəm, can sağlığı və uzun ömür arzulayıram. Bəxtiyar müəllim Qarabağımızın fəxridir.
Allah onu qorusun.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.