Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Heydərovla Kotsoyev İJF cədvəlində liderliyi davam etdirir 

Beynəlxalq Cüdo Federasiyası (İJF) Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadınlar arasında keçirilən reytinq xarakterli Böyük Dəbilqə turnirindən sonra tatami ustalarının yeni reytinq cədvəlini açıqlayıb. Qeyd edək ki, Ötən il Parisdə (Fransa) keçirilən Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra öz çəkilərində reytinq cədvəlində liderliyə yüksələn Hidayət Heydərov (73 kq) və Zelim Kotsayev (100 kq) hələ də liderliyi davam etdirir. Heydərov 7360, Kotsayevsə 6112 xalla birincidir.

Digər cüdoçularımıza gəlincə, 60 kq-da Turan Bayramov (2723 xal) 12-ci, həmin çəkidə Balabəy Ağayev (2145) 18-ci, Əhməd Yusifovsa (1945) 24-cu yerdədir.

66 kq çəkidə Ruslan Paşayev (2246) 18-dən 19-a, Yaşar Nəcəfovsa (1945) bir pillə yuxarı qalxaraq 24-cu olub.

81 kq-da Zelim Tckayev (3900) 8-ci, bu çəkidə Ömər Rəcəbli (1921) isə 21-cidir.

90 kq çəki dərəcəsində Elcan Hacıyev (3002) Top-10-nu tamamlayır. Murad Fətiyevsə (2306) 19-cu olub.

100 kq-da Əjdər Baqirov (1075) üç pillə irəliləməklə 39-cu yerə qalxıb.

+100 kq çəkidə isə Uşanqi Kokuari (2647) 1 pillə geriləməklə 16-ci, bu çəkidə güləşən Camal Qəmzatxanovsa (946) 41-ci yerə düşüb.

Qadınların vəziyyəti isə yenə də ürəkaçan deyil. 48 kq-da Leyla Əliyeva (1864) 24-cu, 52 kq-da Aydan Vəliyeva,(1728) 25-ci, 57 kq-da isə Aceliya Toprak (1554) 26-ci pillədə qərarlaşıb. Təəssüflər olsun ki, 63, 70, 78, +78 kq-da isə Top-100-də yer alan təmsilçimiz yoxdur.

Bir məqamı da qeyd edək ki, yenidən tatamiyə qayıdan və ölkə daxilində iki mühüm yarışın qalibi adını qazanan, lakin Tiflis Dəbilqəsində ilk görüşdəcə uduzan Elmar Qasımov (100 kq) da İJF-nin reytinq cədvəlində Top-100-dən kenarda qalıb.

İNTİQAM Məmmədov