Səadət Məmmədova:
Atasının adının önündə ŞƏHİD sözünü demək başqa bir dünyadır...
Birinci şəkildəki gözəl qız Betüldür.
Sıralanan rəsmlərin içində birinci diqqətimi onun əl işi çəkdi. Yaxınlaşıb tanış oldum, “bu şəklin anlamı nədir” soruşdum. Cavabı “Atam, mən və Zəfərimiz” oldu.
Adam onlarla söhbətdə var qüvvəsilə özünü toplayır, ifadələrini seçərək danışır, səsini qısır ki, birdən kiçicik bir vurğu, şəkilçi belə ürəklərinə toxuna bilər. “Atan kimdir” soruşmaq istədim- bilərəkdən və atası haqda keçmiş zamanda danışmamaq üçün..Ürək eləmədim… Sakitcə “atanın adı nədir” şəklində cümlə qurdum…Betül:
-Şəhid pilot, mayor Ürfan Vəlizadə…
Atasının adının önündə ŞƏHİD sözünü demək başqa bir dünyadır, başqa bir ruh halıdır, başqa bir hissiyatdır, başqa bir yaşamdır, başqa bir taledir məncə….Necə qürurla atalarının ŞƏRƏF VƏ ŞƏHADƏT hekayəsini danışırlar bu uşaqlar…Əlimdən yalnız bərk-bərk qucaqlayıb öpmək gəldi…
Betülün 10 yaşı var. Atası Ürfan 2016-cı il aprel döyüşləri zamanı tarix yazan hərbi vertolyotdakı 3 nəfərdən biri idi. O şəhid olanda Betülün 1 yaşı olub…Böyük bacısının 17 yaşı var….Allah xoşbəxt gələcək versin ikisinə də…
Yanındakı rəsmi isə Fərid çəkib. Betüllə söhbətdən sonra ona tərəf çevrildim. Onun çəkdiyi şəkildə hərbçi atasını qucaqlayan uşağı görəndə özümü saxlaya bilməyib kövrəldim….”Bəs sənin atan…” deyə yarımçıq sual verdim…Fərid sərrast danışmağa başladı:
-Mən şəhid Tural Rəşidovun oğluyam. Atam 44 günlük müharibədə, 2020-ci il oktyabrın 15-də Füzuli uğrunda döyüşdə şəhid olub…..
Fərid 9 yaşındadır, əkiz qardaşı da var. Atası şəhid olanda 4 yaşı olub….Onunla söhbətdə gözüm yaşla doldu deyə növbəti rəsmlərə baxmadan uzaqlaşdım…
Davamına gücüm çatmadı…
Bu uşaqlar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirdiyi “Şəhid övladlarının incəsənət akademiyası”nın iştirakçılarıdır. Bu faydalı layihə üçün Sevinc Orucovaya və bütün müəllimlərə təşəkkürlər
Allah bütün şəhidlərimizə rəhmət eləsin…
.jpg)
