U-19 futzal millimiz Avro-2025-in əsas mərhələsinə məğlubiyyətlə başlayıb
Bu gün 19 yaşlı (U-19) futzalcilar arasında Avro-2025-in əsas (elit) qrup mərhələsinin oyunlarına start verilib. Baş məşqçisi İlqar Aslanov olan və turnirin 7-ci qrupunda yer alan millimiz ilk matçını Bosniya və Herseqovina komandasına qarşı keçirib.
Qeyd edək ki, Xorvatiyanın Omis şəhərindəki "Rubnjak" idman arenasında baş tutan həmin oyun rəqib komandanın darmadağın hesablı qələbəsi ilə başa çatıb - 10:2. Göründüyü kimi, millimiz qapısından buraxdığı 10 qola yalnız 2 qolla cavab verə bilib. Azərbaycan komandasının heyətində Ədalət Əkbərovla (13-cü dəq) Bəyoqlan Vəlizadə (34) fərqlənib.
Yeri gəlmişkən, Xorvatiyada keçirilən qrup oyunları çərçivəsində millimiz növbəti matçını martın 27-də ev sahibi, 29-da isə Türkiyə komandası ilə qarşılaşacaq.
Reqlamentə görə, qrupda birinci yeri tutan komanda Avro-2025-in final mərhələsində vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov