Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Bayram qəzəli

Baxıram ayinədə qar kimi ağ tellərimə,

Oradan boylanıram qarə, bəyaz illərimə.

 

Nə qədər sadə ürəklərdə yerim var görəsən,

Yol alım mən yenə qəlblərdəki mənzillərimə.

 

Canımın istəyidir körpələrin dostu olum,

Dəyməsin fəsli-xəzanlar təzə-tər güllərimə.

 

Vətənin hər zəmisi arzularımtək göyərə,

Bərəkət salsın ilahi yenə sünbüllərimə.

 

Xəlqimiz, millətimiz yardıma bel bağlamasın,

Təki namərd çörəyi dəyməsin heç əllərimə!

 

Geyinib milli libas qızlarımız nəğmə deyir,

Yaraşır hər cürə mahnı sona bülbüllərimə.

 

Allahım millətimə qıymasın heç ahu-fəğan,

Əbədi bəxş eləsin xoş xəbəri dillərimə.

 

Məhəmmədin də bu söz sovqatını qəbul edin,

Yeni bayram qəzəlin göndərirəm ellərimə.

Məmməd Əvəzoğlu.20.03.2025.