Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ŞEYTAN ZƏNCİRDƏN QIRILDI?

 

Şeytan yarandığı gündən ağıllı çıxıb. İllər boyu tədbir töküb, plan çəkib – müstəqil olub. Adəm övladına qatışacağı yoxdur. Əksinə, onu iflic etmək uğrunda mübarizə aparır. 
“Lənət sənə, kor şeytan!”, “Bir dəli şeytan deyir ki”... və sairə deyimlər artıq bizimçün daha işlək ifadəyə çevrilib. Amma bəzən fikirləşirsən ki, ayə, şeytanın da koru, dəlisi, ağıllısı var? Bu mətləbi yarımçıq qoymamaqdan ötrü bir helmli tanışımdan açıqlama istədikdə o, dedi:
 – Ay rəhmətliyin oğlu, hansı “bərk gedən” müsəlmana rast gəlmisən ki, şeytansız iş aşırsın? Lənət oxusaq da ürəyimizin “yuxarı başı”nda ona (yəni ağıllı şeytana) yer ayırmışıq. Təki kor, dəli, şeytanın əsirinə çevrilmə, yoxsa, işləri korlayarsan.
 – Qardaş, adam soruşmağa da utanır... Bir var şeytan, bir də var şeytançılıq, ...şeytan işidir, nə bilim nə, nə...?
 – Qadan alım, cavab tapa bilməyəndə xəcalət çəkmə! Onsuz da o qədər bisavad hazıra nazirlər var ki, sən də onlardan biri. Helmin var, vəssalam. Elmin olmasa da olar. İşini bilicilər kimi elə qur ki, şübhələnən olmasın. Şayəd şeytanın silahdaşları duyuq düşsə sirrini faş edəcəklər, yəni şeytançılıq edəcəklər. Zahirən camaatın nəzərində yaxşı adam kimi qələmə verilən, əslində isə hər bicliyi qəbul edənlər isə şarlatanlardır. Başuva dönüm, gəl söhbəti burda qurtaraq. Çünki bir azdan mən deyəcəyəm belə, sən deyəcəksən elə. Sonda sözümüz çəp gələndə də deyəcəyik ki, şeytan işidir...
Qərəz, şeytan yapışıbdır yaxamızdan. Görəsən, heç olmazsa, ötən bir ay ərzində – Ramazan ayında onu zənçirdə saxlaya bildikmi?

 

Akif AĞAYEV