Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

“Mən kənddən çıxanda gecə yarıydı” şeiri kitabxanaya təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Ramiz Qusarçaylı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Mən kənddən çıxanda gecə yarıydı” şeirini təqdim etdi. 
Şeirdə gecə vaxtı təbiətin təsviri bədii dillə ifadə edilir, poetik məna dolğun və hərtərəfli əks olunur. 
Poeziya sahəsində öz dəst-xətti ilə seçilən Ramiz Qusarçaylı yeni şeirində təbiəti rəssam gözü ilə əsrarəngiz şəkildə təsvir etməklə oxucularda xoş ovqat yaradır.

Mən kənddən çıxanda gecə yarıydı

Mən kənddən çıxanda gecə yarıydı
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.

Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.

Qönçələr çəmənə pıçıltı salıb,
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.

Gedirdim, gecənin haysız, haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız 
Hələ yuxusundan oyanmamışdı…

Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,
Uyuyub qalmışdı güllərin üstə