Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

31 MART SOYQRIMI - ERMƏNİ FAŞİZMİNİN ƏSL SİMASI

1918-ci ildə martın 30-dan aprelin 3-dək Bakıda və quberniyanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqalarında Bakı Soveti və erməni daşnaklarının silahlı birləşmələri xalqımıza qarşı soyqırımı törədiblər. Qəddarlığı və miqyası baxımından bu hadisələr Azərbaycan tarixinin ən qanlı faciələrindən biri kimi yadda qalıb.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, onlar havadarlarının himayəsi altında “Erməni vilayəti” adlı inzibati bölgünün yaradılmasına nail olmuşdular. Süni ərazi bölgüsü faktiki olaraq azərbaycanlıların öz torpaqlarından qovulmasına, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaratdı. “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycan torpaqlarında erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanıldı. Azərbaycanın və bütün Qafqazın tarixinin təhrif edilməsi bu fəaliyyətin mühüm tərkib hissəsi idi.

“Böyük Ermənistan” yaratmaq kimi himerik ideyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Bakıdan başlayan ermənilərin törətdiyi qırğınlar indiki Ermənistan ərazisində  Azərbaycan kəndlərinə də sirayət etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Birinci Dünya müharibəsindən, Rusiyada 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər bu dəfə bolşevik bayrağı altında öz məkrli niyyətlərini həyata keçirməyə çalışdılar. 1918-ci ilin martından Bakı Kommunası əksinqilabilərlə mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planını həyata keçirdi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. İyulun 15-də Nazirlər Şurası bu faciəni araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıda törədilmiş vəhşilikləri, ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri ağır cinayətləri araşdırıb. Bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyinin tərkibində xüsusi struktur yaradılıb. 1919 və 1920-ci illərdə 31 mart Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən iki dəfə ümumxalq hüzn günü kimi qeyd edilmişdir. Bu, mahiyyət etibarı ilə azərbaycanlılara qarşı törədilmiş soyqırımına, bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə ilk siyasi qiymət vermək cəhdi idi. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verən hadisələrin araşdırılması və onlara siyasi-hüquqi qiymət verilməsinin qarşısı sona qədər alındı. Yalnız 80 ildən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Sərəncamda deyilirdi: “XIX-XX əsrlərdə Azərbaycanda baş vermiş bütün faciələr, torpaqların zəbt edilməsi ilə müşayiət olunan ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü və sistemli şəkildə həyata keçirilən soyqırımı siyasətinin müxtəlif mərhələləri olmuşdur.Bu hadisələrdən yalnız birinə – Azərbaycan Respublikasının 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdləri olmuşdur , ADR-in tam həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət verməyi özünə borc bilir”.

2013-cü il sentyabrın 18-də bu ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. 

Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Aşkar edilmiş tarixi faktlar sübut etmişdir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı mərhələlərdə erməni millətçiləri tərəfindən həyata keçirilən qanlı aksiyaların coğrafiyası daha geniş, faciə qurbanlarının sayı isə dəfələrlə çoxdur”.