30 mart Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş tədbir keçirilib
Ağsu rayonu Gəgəli kəndi "Tərəkəmə yurdu" folklor turizmi məkanında 30 mart Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsi çərçivəsində baş tutub. Tədbirdə məktəblərin rəhbər işçiləri, müəllimlər, şagirdlər, bələdiyyə üzvləri, mədəniyyət işçiləri, layihə əməkdaşları, kənd sakinləri iştirak edib.
2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Türkiyə Cümhuriyyəti tərəfindən irəli sürülən həmin təşəbbüsə 105 ölkə qoşulub. Beynəlxalq Sıfır Tullantı Günündə üzv dövlətlər, təşkilatlar, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor, akademik dairələr, gənclər və digər maraqlı tərəflər tullantıların idarə edilməsi haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdə iştirak etməyə dəvət olunurlar.
"Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin iştirakçıları tullantıdan incəsənətə əsəri kimi metaldan at heykəli hazırlayıblar. Orta əsr Ağsu şəhərində aşkar olunan tunc at fiqurunun formasında olan həmin at heykəli "Tərəkəmə yurdu" folklor turizmi məkanında quraşdırılıb. At heykəlinin içərisinə hazırda ölkəmizdə təkrar emala getməyən yaşıl rəngli şüşə butulkalar məktəblilər tərəfindən toplanaraq doldurulub. Tədbir məktəblilərin tullantıları çeşidləmək, onları təkrar istifadə etmək bilik və bacarıqlarını artırmağa yönəlib.
Tədbiri layihə rəhbəri Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin incəsənət müəllimi Lalə Xəlilova açıb. O, layihənin məqsədi haqqında, indiyə qədər görülən işlər, hazırlanmış tədris vəsaitləri, təlim və məşğələlər barədə məlumat verib. Layihə çərçivəsində sıfır tullantı məşğələsinin proqramının hazırlanması və çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kurs planının hazırlanması və çap olunması, 30 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün videoməşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulub.
Layihənin təlimçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin direktor müavini Mətləb Nuriyev, Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Rəşad Osmanov, heykəlin müəllifi, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş mühafizi, heykəltəraş Vüqar Quliyev, Gəgəli bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadə, Ağsu rayonu Ərəbuşağı kənd məscidinin imamı Elvin Həsənov sıfır tullantı tədbirinin əhəmiyyəti haqqında danışıblar, müxtəlif təkliflər səsləndirərək layihənin davamlılığı üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Layihə aprel ayında hər iki məktəbdə sıfır tullantı məşğələləri ilə davam edəcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)