Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəriman Qasımoğlu: 

KABEL

- Kabel, kabel, kabel... – deyə-deyə avtomobilimin sükan tərəfdən açdığım pəncərəsinə oğrun-oğrun yaxınlaşıb gah üzümə baxır, gah da ehtiyatla ətrafı süzür.

- Bilirəm, bilirəm, - daha bir neçə dəfə təkrarlamaq istədiyi “kabel” sözünü ağzında qoyuram. – Narahat olma, qoymaram belə qalsın, qarşısını alacağam.

Danışıq tərzilə qəribəliyi dərhal sezilən, bir ayağına axsayan o zavallı kişi ilə bu qısa dialoqumuz gündə iki dəfə təkrarlanırdı: mən həyətimizdən aralananda və qayıdanda.

Bilirdim, “kabel, kabel, kabel...” deyə mənə səslənməyinin səbəbi yarınmaq idi. Həyətimizə və qonşu həyətə girişdəki zəncirləri avtomobillər üçün açıb bağladığına görə sakinlər ona cib xərcliyi verirdilər. Mən də hamı kimi. Xəfiyyə sayağı mənə yaxınlaşmağı gülməli gəlsə də ona ürəyimdə yazığım da gəlirdi.

Məni ayıq salmaq istədiyi məsələ qonşu həyətdəki məscidin axundu ilə aramızda baş vermiş mübahisə ilə əlaqəli idi.

Axund məscidin minarəsini Azərcell-əmi, Bakcell-əmi bilmirəm, icarəyə vermişdi ki, orada ötürücü cihaz quraşdırsınlar. Tarixi məscid minarəsini biznes qazancına çevirməsi biabırçılığı bir yana, bəlli etmişdik ki, ötürücünün dalğası bizim yazıçılar, qonşu bəstəkarlar binasında yaşayanların səhhətinə təhlükədir. Məscidə cavabdeh olanlardan tələb etmişdim, səhhətimiz hesabına həyata keçirdiyi bizneslərinə son qoysunlar. Tələbimi səsləndirəndə onlarla kifayət qədər ötkəm də danışmışdım. Veclərinə almamışdılar, öz işlərində idilər. Başda Arif Məlikov olmaqla bəstəkarlarla bizim binadakı yazıçıların Qafqaz müsəlmanları idarəsinə rəsmi məktubla şikayəti də nəticəsiz qalmışdı. Təsəvvür edin, dünyanın ən məşhur səhnələrində hər il nümayiş etdirilən “Məhəbbət əfsanəsi” baleti müəllifinin imzası öz vətənində bunca urvatsız imiş ki, adi bir məsələdə nəzərə alınmamışdı. Xəyyam Mirzəzadənin yüksək vəzifəli bir qohumu məsələyə müdaxilə edəndən sonra baxdım ki, ötürücü minarədə görünmür, amma minarənin məhəccərini təmir edirlər. Soruşdum, bu nə təmirdir. Dedilər, məhəccər uçulur, gərək yeniləsinlər. Əslində isə, məhəccərin dəmir şəbəkəsini hörgüyə alırdılar ki, arxasında gizlədəcəkləri ötürücü gözə dəyməsin. Ötürücünü gözdən itirmişdilərsə də, quyruğu, yəni kabel bayırda qalmışdı. Anladıq ki, məsciddəkilərlə mübahisənin, dava-şavanın xeyri yoxdur, pul-biznes olan yerdə ziyalı etirazı onsuz da eşidilməz qalacaq. Səhhətimiz nə zaman pozulur, pozulsun, hələlik əsəblərimizi qorusaq, daha yaxşı.

Nəticəsiz qalan, fəqət ötkəm mübahisələrimə kənardan şahidlik etmiş həmin zavallı kişinin nəzərində sözü keçən biri kimi qalmışdım. “Kabel, kabel, kabel...” deməklə bildirmək istəyirdi ki, məsciddəkilər ötürücünü hələ də quraşdırır, minarəyə kabel çəkdirir.

Bir dəfə yenə həmin dialoqumuz təkrarlanandan sonra:

- Məni qovmaq istəyirlər, deyirlər, çıx get buradan, - dedi.

- Nə?.. Vecinə alma, heç kim sənə bir şey edə bilməz. Bir zəncirimiz var, o da bizimdir, onu da sən açıb bağlayacaqsan.

- Hə? – ümidlə, yazıq-yazıq üzümə baxdı.

- Narahat olma, - dedim və fikirləşdim, ay nadürüstlər, məsciddən pul qazanırsınız, qazanın da, zavallı kişinin pulunu niyə kəsmək istəyirsiniz, buna imkan vermərəm.

Bir müddət sonra binamızın girişində onu görmədim. Soraqladım, dedilər, kimlərsə ona həyətdəcə əl qaldırıbmış, yerdən qalxa bilmirmiş. Arif Məlikov ondan ötrü təcili yardım çağırtdırıbmış.

Arif Məlikov, Xəyyam Mirzəzadə indi həyatda yoxdur. Hər biri ilə əlaqədar xatirələrim tamamilə başqa məzmundadır. Burada xatırlanmaqları o biçarə ilə bağlıdır. Ara bir yadıma düşür, düşünürəm, dünyasını dəyişmiş olar. Adını bilmirəm, özündən də soruşmamışdım. Xatirəsini unudulmağa qoymayan isə bu gün də gözə dəyən həmin o kabeldir...

* * *

Sh A Rzayeva

heyhat...

Nəriman m.m., gərək Ekologiya və təbii sərvətlər nazirliyinə rəsmi müraciət göndərərdiniz. Bizim başımıza gəlib və həmən bu yolla həll etmişik. Mən işlədiyim müddətdə dəfələrlə neçə uşaq bağçası və məktəbləri bu təhlükədən xilas etməyə nail olmuşam. Bir zamanlar "SazzTelekom" və həmçinin digər şirkətlərin öldürücü antenalarından.

Ömər Kamil Laədri

Hansısa qəzetdə o barədə yazdığımız yadımdadır

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir