Bakı şəhərində yeni abadlıq işləri görülür
Ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, həmçinin şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuşdur.
Bakı şəhərinin yeni Baş Planına əsasən, mərkəz və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsi, nəqliyyat və sosial infrastruktur və kommunal sistemlərin əsaslı şəkildə bərpası, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlər qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Bu tələbatlar nəzərə alınmaqla Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə olan bina və tikililəri əhatə edir.
Əldə etdiyimiz məlumata görə, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçiriləcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcəkdir.
Bakının yeni Baş Planına uyğun olaraq isə köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq. Həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcəkdir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb ediləcək.