Qadın şahmatçıların şəxsi Avropa çempionatı davam edir
Xəbər verdiyimiz kimi Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mukafat fondu 60 min avro təşkil edən bu çempionatda Azərbaycan 8 zəka sahibi ilə təmsil olunur.
Artıq çempionatda ilk 5 tur geridə qalıb. Qeyd edək ki, sayca 5-ci olan hesabat turu Azərbaycan təmsilçilərindən yalnız ikisi - hazırkı qitə çempionu Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva üçün uğurlu olub. Hər iki şahmatçımız rəqib üzərində qələbə qazanıb. Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Abdinova və Lalə Hüseynova isə qarşılaşmadan sülhlə ayrılıb. Maraqlıdır ki, sülhlə bitən oyunlardan birində Məmmədyarova ilə Hüseynova üzləşib. Gövhər Beydullayeva ilə Səbinə İbrahimova isə turda məğlubiyyətə üzləşib.
Hazırda 5 turdan sonra Azərbaycan təmsilçiləri arasinda ən yaxşı göstərici Beydullayeva ilə Məmmədovya məxsusdur. Hərəyə 3,5 xal toplayan bu cütlük müvafiq olaraq yarış cədvəlində 17-18-ci yeri tuturlar.
Çempionata aprelin 11-də 11-ci turla yekun vurulacaq.
İNTİQAM Məmmədov