Gənc rəssam Fuad Musayevin yaradıcılıq iradəsi
Azərbaycan incəsənətinin bugünki inkişafında gənc rəssamların rolu olduqca böyükdür. Müasir dövrdə yeni nəsil sənətkarlar, rəssamlar, incəsənət nümayəndələri ənənəvi üslubları fərqli yanaşmalarla birləşdirərək yaradıcılıqlarına yeni baxış gətirib bu yenilikləri insanlara təqdim edirlər. Beynəlxalq sərgil və festivallarda, müxtəlif virtual platformalarda daim fəal iştirak edən gənc rəssamlar, Azərbaycanın mədəniyyət və incəsənətini bütün dünyada təmsil etməklə yanaşı, milli ənənələrimiz və mədəni irsimizin
də qlobal kontekstdə tanınmasına kömək edirlər. Ölkəmizdə gənc rəssamlarımızın öz potensiallarını üzə çıxarmaları üçün çoxlu sayda incəsənət məktəbləri, qalereyalar fəaliyyət göstərir, Bakı və regionlarda müxtəlif sərgilər keçirilərək onlar üçün geniş imkanlar yaradılır.Bu gün rəssamlıq sahəsində həvəslə çalşaraq öz uğurlu yolunu tapan, qətiyyətli addımlarla daim irəli gedən çox uğurlu gənc rəssamlarımız var. Bu istedadlı rəssamlarımızdan biri də Fuad Musayevdir. Gəlin bir az Fuadın həyat və yaradıcılığından bəhs edək. Musayev Fuad Nazir oğlu 2001-ci il 9 mart tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2007-ci ildə Xətai rayonu 55 saylı Tam Orta məktəbdə ilk təhsilini almış, qələm tutmağı, oxumağı, yazmağı öyrənmişdir. Fuadın hələ kiçik yaşlarından rənglərə olan sevgisi artıq valideynlərinə bəlli idi. Rəssamlığa olan meyli onu cəlb edən rəngarəng əşyaların rəsmini çəkməklə başladı desək, yanılmarıq. Valideynləri Fuadın 6 yaşı olarkən evin divarlarında təsvirnetdiyi əlvan rənglərlə bəzənmiş günəş təsvirini görəndə artıq anlamışdılar ki, Fuadı məhz bu sahəyə yönləndirmək, rəssamlıqla daha yaxından tanış etmək lazımdır. Elə həmin ildən o, rəsm dərnəyinə qatılaraq rəssamlıq dərsləri almağa başladı. İstedadlı gəncin ilk müəllimi isə hərkəsin sevimlisi olan Mətanət Aslanova olub. Fuad Musayev Mətanət xanımın ən sevimli tələbələrindən biri olmuşdur hər zaman. Müəllimi onu bu gün də xatırlayarkən yalnız üzündə təbəssüm və xoş ifadə canlanır. İştirak etdiyi uşaq sərgilərdə öz dəst-xətti ilə seçilməyi bacaran Fuadın istedadını artıq Xalq rəssamları da fərq etməyə başlamışdı. “Xocalı harayı” adlı sərgidə Azərbaycan Respublikasının Xalq Rəssamı Arif Hüseynov Fuadın bənzərsiz istedadını kəşf edən və
rəssamlardan biri olub. Fuad isə qətiyyətli və inamlı şəkildə gələcəkdə uğurlu rəssam olacağına inanırdı. Deyə bilərik ki, elə də oldu…
Onun bu yolda uğurlu addımlarla irəliləməsinin əsas səbəblərindən biri də onun inanımı əsla qırmayan, ona bu yolda hər zaman sonsuz dəstək olan ailəsi, anasıdır. Öz əzm və bacarığı sayəsində bir rəssam kimi yetişməyi bacaran Fuad daim yaradıcılıq axtarışında olaraq öyrənməyi, yeniliklər kəşf etməyi sevir. Beləliklə o, 2016-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq kollecinin “Dekorativ-tətbiqi sənət” fakültəsinə daxil olur, 2020-ci ildə kolleci bitirdikdən sonra isə, elə həmin ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi sənət” fakültəsinə daxil olur. İstedadlı gənc
burada Xalq Rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə, Əməkdar Rəssam
Məmmədhüseyin Hüseynov, Ədhəm Yusubov, Dekorativ-tətbiqi sənət fakultəsinin baş müəllimi Emin Ələkbərovdan dərslər almış, rəssamlığın sirlərinə dərindən bələd olmuşdur. 2024-cü ildə Akademiyadaki təhsilini uğurla tamamladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadlı benefsiarı kimi fəaliyyətdə olmuş, burada mərkəzin dəstək, sosial inkişaf proqramlarından yararlanan uğurlu gənclərdən birinə çevrilmişdir. Fuad Musayev 2024-cü ildən DİİYM-nin İsmayıllı rayonunda yerləşən “Dost Evi” filialında təlimçi kimi fəaliyyət göstərməkdədir. Rəssamlıq sahəsində yaradıcılığa uğurla davam edən gəncimiz 2025-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvünə çevrilmişdir. Çoxşaxəli yaradıcılığa sahib olan Fuadın yaradıcılıq yoluna nəzər salsaq görərik ki, o rəssamlığın bir çox sahəsi ilə məşğul olmağı sevir. Elə buna görə də özündə bir çox sahəni keramika, xalça, qobelen və s. Cəmləşdirən dekorativ-tətbiqi sənəti seçərək davam etmişdir rəsaamlığa. Bununla bərabər seçdiyi hər sahə onda olduqca uğurlu alınır deyə bilərik. Özünü seçdiyi hər sahədə daha da təkmilləşdirməyi qarşısına məqsəd qoyan gənc oğlan böyük məharətlə xalça eskizləri edir, qobelenlər hazırlayır, keramik qablara müxtəlif təsvirlər çəkərək insanların gözünü oxşayır. Onun əsərlərindən “Səhra gözəlləri”, “Bağımın narları”, “Qayıqlar”, “Sahil küləyi”, “Kız külesi”,“Düşüncələr” kimi kətan üzərində yağlı boya texnikası ilə təvir etdiyi rəngkarlıq əsərləri, “Azad Şuşam”, “Novruz qızı”, “Bənövşəli vaza”, “Xalça naxışları” adlı keramik əsərlərini sadalaya bilərik. Fuadın yaratdığı hər bir əsərə nəzər yetirdikdə milli ornamentlər, detallardan istifadə etdiyini aydın şəkildə görə bilərik. Bu zamana qədər o, çoxsaylı sərgilərdə uğurla iştirak etmiş, bir çox diplom, sertifikat və mükafatları sahib olmuşdur. O, hər zaman məhdudiyyətli insanlara, uşaqlara, gənclərə dəstək olmuşdur. Dəfələrlə iştirak etdiyi satış sərgilərindən qazanıb əldə etdiyi gəliri məhdudiyyətli uşaqlara ianə edib, onların qəlbini, üzünü güldürüb sevindirmişdir. Fuadın gələcək məqsədləri isə tutduğu bu yolsa özünü daim təkmilləşdirmək, daha böyük uğurlara imza ataraq dahi və tanınmış rəssama çevrilməkdir.
Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi, Azərbaycan
Rəssamlar İttifaqının Gənclər bölməsi üzrə Prezident təqaüdçüsü

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)