Qədim Ellada torpağında Azərbaycan derbisi olacaq
Avropa çempionatında Beydullayeva ilə Məmmədova qarşılaşacaq
Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. Mükafat fondu 60 avro təşkil edən və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda 7-ci tura yekun vurulub. Çempionatda iştirak edən 8 təmsilçimizdən üçü hesabat turunda qalib gəldiyi halda, ikisi rəqiblə heç-heçə oynayıb, daha üçü isə məğlubiyyətlə üzləşib. Şahmatçılarımızdan Türkan Məmmədyarova, Nərmin Abdinova və Gülnar Məmmədova turu qələbə ilə bitirib. Səbinə İbrahimova və Avropa çempionu Ülviyyə Fətəliyevanin isə heç-heçə oynadiqi turda Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Lalə Hüseynova rəqib qarşısında baş əyib. Ən diqqətçəkən isə Beydullayevanin erməni Lilit Mkrtchyana uduzması olub. Bu məqlubiyyətdən sonra Beydullayeva yarış cədvəlində 10-cu yerdən 19-cü yerə düşüb. Əvəzində turu qələbə ilə bitirən Gülnar Məmmədova 5 xalla 15-ci pillədən 11-ci pilləyə yüksəlib.
Bu gün çempionatda sayca 8-ci turun partiyaları oynanacaq. Turun maraqlı oyunlarından birində Azərbaycan təmsilçiləri olan Beydullayeva ilə Məmmədova qarşılaşacaq. Bununla da Qədim Ellada torpağında Azərbaycan derbisi baş tutacaq.
Qeyd edək ki, 137 zəka sahibinin mübarizə apardığı bu çempionatın qalibi 10 min avro mükafat qazanacaq.
İNTİQAM Məmmədov