Minaya düşən hərbçimizə şəhid statusu veriləcək
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Minaya düşən hərbi qulluqçu Lənkəran rayon Göyşaban kəndindəndir.
Dövlət Sərhəd Xidmətindən verilən açıqlamada deyilir ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Minaya düşən hərbçimizə şəhid statusunun verilməsi gözlənilir.
Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qanunvericiliyə əsasən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər də şəhid hesab edilir.
Məsələ ilə əlaqdar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, hərbi qulluqçuya şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:
"Əgər onun xidmət vaxtı döyüş tapşırığını yerinə yetirərkən həlak olmasını təsdiq edən rəsmi arayış təqdim olunarsa, şəhidlik statusu veriləcək".