AÇ-da Azərbaycan derbisi sülhlə bitib
Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və 8 azərbaycanli zəka sahibinin də iştirak etdiyi çempionatda sayca 8-ci olan daha bir tura yekun vurulub. Turu təmsilçilərimiz üçün heç də uğurlu hesab etmək olmaz. Yalnız Türkan Məmmədyarovanin qalib gəldiyi və Ayan Allahverdiyevanın məğlub olduğu hesabat turunda Gövhər Beydullayeva - Gülnar Məmmədova derbisi də daxil olmaqla, qalan şahmatçılarımız turu yarım xalla bitiriblər.
Bu turdan sonra yalnız Gülnar Məmmədova və Türkan Məmmədyarova yarış cədvəlində mövqeyini yaxşılaşdıra bilib. Gülnar (5,5 xal) bir pillə irəliləyərək Top-10-u tamamlayıb. Türkan (4'5 xal) isə 77-dən 59-a qalxıb. Gövhər Beydullayeva (5 xal) 19-dan 23-ə düşüb. Səbinə İbrahimova (4,5 xal) 43-dən 46-ya yuvarlanıb. Nərmin Abdinova (4,5 xal) bir pillə geriləməklə 51-ci olub. Turda məğlub olan Ayan Allahverdiyeva (4 xal) 47-dən 64-ə düşüb. Hazırkı Avropa çempionumuz Ülviyyə Fətəliyeva (4 xal) isə 5 pillə aşağı düşərək 74-cu olub. Turu sülh şəraitində tərk edən Lalə Hüseynova (3 xal) isə 107-ci olub.
Aprelin 9-da 9-cu tur oynanacaq.
Xatırladaq ki, mükafat fondu 60 min avro təşkil edən çempionatın qalibi 10 min qazanacaq.
İNTİQAM Məmmədov