AÇ-da qadınlar da mübarizəyə başlayırlar
Slovakiyanın paytaxtı Bratislavada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən üçüncü günü qadınlar mübarizəyə başlayırlar. AGF-dən verilən məlumata görə bu gün qadın yiqmamizin iki üzvü - gənclər arasında Avropa çempionu Elnurə Məmmədova (55 kq) və Alena Kolesnik (59 kq) döşək üzərinə çıxacaq. Cütlüyümüzdən Elnarə startda Beatris Ferentlə (Rumıniya) üzləşəcək. Alena isə ilk mərhələdən azaddır.
Bu gün eyni zamanda daha üç sərbəst güləşçimiz günün sonunda birbaşa medal görüşünə çıxacaq. Triomuzdan Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) çempionluq uğrunda güləşəcək. Trioda yer alan Aqanəzər Novruzov (74 kq) isə bürünc uğrunda həlledici görüşə çıxacaq.
Xatırladaq ki, sərbəst güləş üzrə yığma komandamız çempionatın ikinci günü üç bürünc medal qazanıb. Medallarin sahibi İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) olub.
İNTİQAM Məmmədov