Hacıqabul oxucuları tanınmış uşaq yazıçısı ilə görüşdülər
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində AYB və AJB-nin üzvü, AYB Prezident təqaüdçüsü, Mətbuat Şurasının üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın oxucularla görüşü keçirilib.
Görüşdə Hacıqabul rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, oxucular və kitabxanaçılar, mədəniyyət işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Dövran Həsənov açaraq, qonaqları salamladı, uşaqların “Gülzar nənə” ilə görüşünə böyük həvəslə hazırlaşdıqlarını bildirdi.
Muğan qəsəbə məktəb şagirdlərinin ifasında Gülzar İbrahimovanın şeirləri və sözlərinə yazılmış mahnıları səsləndirildi. Yazıçının “Zəfərlə qayıtdım, ana” pyesi şagirdlər tərəfindən böyük uğurla nümayiş etdirildi. 2, 5, 9,10 №-li tam orta məktəblərin şagirdləri arasında tarixi abidələrimizə həsr olunmuş “Qədim Azərbaycan” viktorinası keçirildi. Mərkəzi Kitabxananın rəsm dərnəyinin üzvləri rəsm müsabiqəsində iştirak etdilər. Müsabiqə iştirakçıları və qaliblərinə diplom və hədiyyələr təqdim edildi.
5 №-li tam orta məktəbin İcma qrupunun tərbiyəçi- müəllimi Şəfəq Bəşirova Gülzar İbrahimovaya həsr etdiyi şeirini səsləndirdi.
Yazıçı Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə müəllifi olduğu yeni kitablarını hədiyyə etdi. O, Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın kitabxanalara hədiyyə etdiyi “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitablarını da təqdim etdi.
Tədbirə informasiya dəstəyini G.İbrahimovanın Fəxri oxucusu olduğu Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərdi.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)