Qadın şahmatçıların Avropa çempionatı finişə çatır
Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında keçirilən və Azərbaycan şahmatçılarınin (8 nəfər) da iştirak etdiyi şəxsi Avropa çempionatı artıq finişə çatıb. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mukafat fondu 60 min avro təşkil edən çempionatda bu gün sayca 11-ci olan son turun oyunları keçiriləcək və bununla da çempionata yekun vurulacaq. Təəssüflər olsun ki, çempionatda iştirak edən Azərbaycan şahmatçılarından heç birinin nəinki çempion olmaq, heç mükafatçılar arasında belə yer almaq imkanı yoxdu.
Geridə qalan 10 turdan sonra təmsilçilərimiz arasında ən yaxşı göstərici Gülnar Məmmədova və Türkan Məmmədyarovaya məxsusdur. Gülnar 6,5 xalla 13-cu, onunla eyni xal ehtiyatına malik olan Türkan isə 24-cudur. Digər təmsilçilərimizə gəlincə, Gövhər Beydullayeva 6 xalla 26-ci, hazırkı Avropa çempionu Ülviyyə Fətəliyeva isə eyni xalla 40-ci pillədə yer alıb. Aktivində 5,5 xal olan Nərmin Abdinova 51-ci, hərəyə 5 xalı olan Səbinə İbrahimova 61-ci, Ayan Allahverdiyeva isə 65-ci pillədə yer alıb. 10 turdan sonra 4 xal toplayan Lalə Hüseynova isə 104-cu yerdədi.
Xatırladaq ki, 137 şahmatçının iştirak etdiyi bu çempionatda qalib adını qazanan şahmatçı 10 min avro mükafat alacaq.
Yeri gəlmişkən, ötən il keçirilən analoji çempionatda həmyerlimiz Ülviyyə Fətəliyeva cempion olmuşdu.
İNTİQAM Məmmədov