Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Davudxan Viləşin şeirləri

 

“AZpress.AZ” İnformasiya Agentliyi şair Davudxan Viləşin şeirlərini təqdim edir.

 

Davudxan Viləş (Davudxan Məmmədov) 11 fevral 1957-ci ildə Masallı rayonunun Şıxlar kəndində (Qəriblər ərazisi) anadan olub. 
Bakı Rəssamlıq Məktəbini, Zaqafqaziya Ali Komsomol Məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Şair, yazıçı Davudxan Viləş bir neçə kitabın müəllifidir.
Hazırda Rusiya Federasiyasının Norilsk şəhərində yaşayır.


Vay halına bu dünyanın 

 

Başı batsın bu dünyanın,
Gücü çatmır öz özünə.
İnsanların başı gedib
Qəm tökülür üz-gözünə.

 

Bu insanlar xəstələnib;
Çənə qaçıb, ağız qaçıb.
Hamı ağıl verir, Allah!
Hamı sözə süfrə açıb.

 

Söz qurtarıb; "dalay, dalay",
Səs qarışır, ara itir.
Ekranların qucağında
Biri batır, biri bitir.

 

Hədəfdəki olayların
Tüstüsündə od gəzirik
Aramızda qarışdıran,
Bulaşdıran ad gəzirik.

 

Fili yıxıb sürüyürük,
qarışqanı böyüdürük
Ətlərini şişə çəkib,
sümüklərin üyüdürük.

 

Ağıl gəzir,- tapa bilmir
Verməyib ki, ala bilsin.
Bədəni var, ayaq yox ki,
Ayaqüstə qala bilsin.

 

İndi də ki, qulaqlara
Çip taxacaq - heyvan kimi.
Dərdinə də dərman olmaz
Nə edəcək cib həkimi?!

 

Gələcəyi yosunlardan,
İlbizlərdən törəyəcək.
Vay halına bu dünyanın
O bizlərdən törəyəcək.

 

Yazıq olur 

 

Sarsaqlayır sarsaqların vəkili
Qulağıma pambıq tıxıb dururam.
Eşitmirəm, 
çoxlarının şəkili
Əl-qol atır, nə anladır duyuram.

 

Duymaq belə, ağrı çəkir canımda,
Yazıq olur, 
İnsan kimi üzü yox..
Cılızlaşır,
Cırtan olur yanımda 
Adı vardır, soyu vardır, özü yox...

 

Çal mənim qəlbimin musiqisini 

 

Çal mənim qəlbimin musiqisini,
Qoy göylər ağlasın, yer dizə çöksün !!!
Cilala tellərdə qəlbin səsini,
Buludlar acımı gözünə töksun !!!

 

Çal mənim qelbimin son akordların,
Barmaqlar altında qəlbim inləsin !
Elə çal eşqimin sevgi çağların,
Qoy daşlar çatlasın, sular dinləsin!

 

Elə çal, çiçəklər boynunu əysin,
Yarpaqlar titrəsin qopsun budaqdan!
Gedib zirvələrə, yamaca dəysin
Qartallar qıy vursun,uçsun dağlardan !

 

Sən yazdın qəlbimin sevgi notların,
Sən gərək çalasan, özgəsi çalmaz.
Bayram et, al gülüm, el sovqatların,
Mənə özgesinin sovqatı çatmaz !!

 

Sən mənim eşqimə mahnı bəstədin,
Kimsə eşitməsin - çala bilmədin.
Sən mənə bəstəyə söz də istədin,
Sən mənim sözümdə qala bilmədin...

 

Köklə həsrətinlə sevgi tarımı,
Hansısa urəkdə qoy közə dönsün!
Almısan əlimdən ixtiyarımı,
Həsrəti dilimdə qoy sözə dönsün..

 

Çal mənim qəlbimin musiqisini,
Qoy göylər ağlasın, yer dizə çöksün!
Cilala tellərdə qəlbin səsini,
Buludlar acımı gözünə töksün..

 

Qayalarda 

 

Deyirlər çeşmələr qanla sulanır
Sümüklər ağarır boş qayalarda.
Barıt tüstüsündən göylər bulanır
Dodaqlar quruyur yaş qayalarda.

 

İnsan insan kimi danışa bilmir,
Elə dalaşıb ki, barışa bilmir.
Dünya da beziyb qarışa bilmir
Tarıma çəkilib qaş qayalarda.

 

Ağlayır, sızlayır göz yaşı tökür,
Əmlakı dağılır, divanı çökür.
Nadanlar zamanı ölümə çəkir
Gicəlir, fırlanır baş qayalarda.

 

Ortada günah var, günahkarı yox,
Tamahı güc gəlir, tamahkarı yox.
Qulaqlar batıbdır, lalı, karı yox,
Ağıllar çaşıbdır çaş qayalarda.

 

Nədən dinləmədi bu bəşər məni,
Vaxtında demişdim bunları - yəni.
Davudxan, çox üzər bu dünya səni
Xəyallar göyərər daş qayalarda...

 

Gəzir 

 

Ağıl davasıdır, şüur davası
Zəkadan kənarda duranlar gəzir.
İnsana xoş gəlir bahar havası
Dünyanı tərsinə quranlar gəzir.

 

Qınama insanı ağıldan yana,
Qanmaza nə gərək qananı qana.
Bəla ondadır ki, olanı dana
Sonunda başına vuranlar gəzir.

 

Dərkin zirvəsi də dərkinə çatmır,
Ağıldan kənar da ağıla batmır.
Pis də öz pisini qınamır, atmır
Biri bir-birini yoranlar gəzir.

 

Mənfi və müsbətdən doğulur dəyər
Kim kimə güc gələr, kim kimi əyər.
Yalan da doğrunun qabığın geyər
Doğruya tor hörüb quranlar gəzir.

 

Min kitab altından Davudxanı seç
İstəsən sözünə toxunmadan keç.
Mən özüm özümü anlamadım heç
Qəlbimdə qəlbimi qıranlar gəzir...

 

Düzəlmir dünya 

 

Kitabla, dəftərlə, kağız-qələmlə
Deməli düzəlmir dünya, düzəlmir.
Yaxşılıq, insanlıq, xeyir-əməllə
Deməli düzəlmir dünya, düzəlmir.

 

Hər kəs öz işində haqlı göründü
Bir evdə üç qardaş üçə bölündü.
Yıxılan ağladı, qalxan öyündü
Deməli düzəlmir dünya, düzəlmir.

 

Qılınc düzəltdilər, tüfəng çəkdilər
Dünyanı görməyə qüllə tikdilər.
Gah taxıl əkdilər, nəşə əkdilər
Deməli düzəlmir dünya, düzəlmir.

 

Yarada bilmədi insan qarışqa
Dahi də görmədi özündən başqa.
Dönüş də yarada bilmədi başda
Deməli düzəlmir dünya, düzəlmir.

 

Xislətin dəyişmir vəhşi təbiət
Əyninə geydiyi fərq etməz əlbət.
İnsana bəs etmir nə var, nə sərvət
Deməli düzəlmir dünya, düzəlmir.

 

Vəhşidən vəhşidir düşəndə imkan
Biri söndürəndir, biri də yaxan.
Əslində heç kimdir kənardan baxan
Deməli düzəlmir dünya, düzəlmir.

 

Roman da, povest də, dastan yazdılar
Tarixin dibini eşib qazdılar.
Bayraq düzəltdilər, bayraq asdılar
Deməli düzəlmir dünya, düzəlmir.

 

İndi də hər küncdən biri çıxıbdır
Gözü bərəlməsin - eynək taxıbdır.
Güya bu işığa iti baxıbdır
Deməli düzəlmir dünya, düzəlmir...

 

Həriflər düzəldir güya söz qurur
Dünyanın əyrisin güya düz qurur.
Görəni kor edir, kora göz qurur
Deməli düzəlmir dünya, düzəlmir...

 

Qarət edirəm 

 

Bu gün taleyimin ağ vərəğində
İllərin həsrəti görüşə getdi.
Bəlkə də ilk dəfə, dəqiq, ilk dəfə
Sevgi qucağında öpüşə getdi...

 

Bir ömür yaşadım - nəşəli, qəmli
Eşqimi itirdim, eşqimi tapdım.
Bu dünya pozuqdyr, bu dünya nəmli
Atım olmasa da atımı çapdım.

 

Saxladım insanın insanı haqqın,
Vicdanım ön getdi, mənliyim uca.
Nəslimi, tayfamı qorudum, yəqin
Ucaldım, adımı mən qoruduqca...

 

Bu gün kitabımın son vərəqində
Xalqımı sevgimə dəvət edirəm.
Vətəndən uzaqda, - Şimal elində
Ömrümü eşq üçün qarət edirəm...

 

Yad görünür 

 

Tanış gəldi üzü mənə
Alov dolu gözü mənə.
Doğma gəldi sözü mənə
Görüb məni şad görünür
Bir az mənə yad görünür.

 

Uzun illər öncə məni
Qısnamışdı küncə məni.
İstəmişdi sanca məni
Dodağında çat görünür
Bir az mənə yad görünür.

 

Saçlarının ağı da var
Hələ yaşıl bağı da var.
Balı da var, yağı da var
Damağında dad görünür
Bir az mənə yad görünür.

 

Ah çəkəndə qalxdı sinəm
Anladı ki, o mən mənəm.
O sevgidən didərginəm
Məni yaxan od görünür
Bir az mənə yad görünür...

 

Eh, Davudxan, aç könlünü
Təzələ bir solan gülü.
İstəyirsən üfür külü
Kül altında ad görünür
Bir az mənə yad görünür.

 

Çoxalıb 

 

Daha şairləri ələ salırlar
Lağa qoyanların sayı çoxalıb.
Ovçular silahı qoyubdur yerə
Meşədə bal yeyən ayı çoxalıb.

 

Çoxu zəhər daman dili yağlayır
Zəhəri bal bilən yeyib ağlayır.
Əlinə göz alan sözü dağlayır
Havanın istisi, yayı çoxalıb.

 

Kitab rəfləri də satılmır daha
Vərəqlər yazılıb atılmır daha.
Kimsə oxumağa qatılmır daha
Qanmazın, anmazın payı çoxalıb.

 

Belə öyrətdilər son illər bizi
Çokənin başına söykənər dizi.
Alqışla yandırıb əllərimizi
Əllərin əyrisi, zayı çoxalıb.

 

Eh səni Davudxan, gözdən uzaq dur,
Soz daha heçnədir, sözdən uzaq dur!
Yaxşısı budur ki, bizdən uzaq dur!
Şairin, aşıqın tayı çoxalıb...

 

Öyrəşib 

 

Qayadan daş aldım - başıma çırpım,
Sən demə başım da daşa öyrəşib.
İstədim gözümə kipriyi qırpım...
Demə kipriyim də qaşa öyrəşib...

 

Bir varlıq tapmadım insandan uca,
Dəvədə qanad yox quş kimi uça.
İsindim oduma ocaq olunca,
Ocağın közünə maşa öyrəşib.

 

Bütün ömrüm-günüm kitaba getdi
Sözümün sonu yox, əzəli bitdi.
Neçəsi gəlmişdi, neçəsi getdi
Cavanı, qocası yaşa öyrəşib...

 

Dəyişdi gözümün önündə zaman
Dağlardan dərəyə çəkildi duman.
Quş da yuvasına axtarır saman
Ağacda budaqlar quşa öyrəşib....

 

Bax selin gücünə, qadın gücünə,
Küləyin gücünə, odun gücünə
Davudxan, güvənmə adın gücünə
Dəlinin ağlı da başa öyrəşib...

 

Düşdü 

 

Səhər dan söküldü, doğan Günəşin,
Rəngi buludların qaşına düşdü.
Şəfəqdən tökülən nurun çələngi
Uzaqda dağların başına düşdü.

 

Ayırdı xəyallar özümdən məni,
Bir an xatırladım Yurdu, Vətəni
Gələndə gözümə xəyalın çəni
Ayağım yolların daşına düşdü.

 

Şimal küləyində buz heykəl kimi,
Gözümün üstünə qoydum əlumi.
İtirdim ömürdən neçə ilimi
İstəyim gözümün yaşına düşdü...