Yadigar Cəfərli:
Səni Çənlibelə çağırmaqda da qəsdim odur ki, mənim də ismarışlarımı camaata yetirəsən...
Əziz mənim hörmətli oxucularım, özünüz bilirsiniz ki, hərdənbir maraqlı yuxularım olur.
Bu gecə də görürəm, Çənlibeldəyəm, əyləşmişəm Koroğlunun hüzurunda. Bir tərəfində Nigar xanım, yan-yörəsində Xan Eyvaz, Dəmirçioğlu, Aşıq Cünun, Dəli Həsən, Halaypozan, Tüpdağıdan, Tanrıtanımaz… Bir sözlə, yeddi min yeddi yüz yetmiş yeddi dəlinin hamısı.
Qoç Koroğlu mənə deyir ki, o gün bir məqalə paylaşmışdın ha, “Dələduzlardan qorunmağın 12 yolu”… onu burada mənə də oxudular. Hirsimdən üç gün, üç gecədir özümə gələmmirəm ki, gör dünyada necə müxənnətlər peyda olub. Camaatın halal zəhmətnən qəpik-qəpik yığdıqları pulları namərdcəsinə talayırlar. Görünür, hamısı Keçəl Həmzə kimilərin törəmələridir, haramzadalar texnologiyaları mənimsəyib, bu işlərin düsturi-əməlini öyrənib səpələniblər dünyanın hər tərəfinə, xəlayiqə qənim kəsiliblər. Əvvəlki vaxtlarım olsaydı, Misri qılıncımı alardım əlimə, minərdim Qıratın belinə, dəlilərimi yığardım başıma, Məğribdən Məşriqəcən hay salıb hamısın bir-bir tapıb sağ tikələrin qulaqları boyda edərdim. Səd heyf ki, daha o əyyamlar deyil. Dünya başqalaşıb, namərdlərlə başarmaq çətinləşib, tüfəng çıxandan elə mən də qılıncımı duhardan asmışam. Amma sazım-sözüm hələ yerindədir. Elə səni Çənlibelə çağırmaqda da qəsdim odur ki, mənim də ismarışlarımı öz feysbuk səhifəndə camaata yetirəsən, qoy ehtiyatı əldən verməsinlər.
Dedim: Gözüm üstə, Qoç Koroğlu! Əmrinizdəyəm.
Koroğlu bu cavabımdan sonra bığlarını eşib qulağının dalında burdu, sazını götürdü, əvvəlcə elə bir dəli nərə çəkdi ki, yer-göy titrədi, Çənlibelin başından buludlar aralandı. Sazı basdı sinəsinə, gözəl bir “Misri” havası üstündə başladı, nə başladı…
O tərəfdən Aşıq Cünun da sazı ilə ayaq verdi, mənsə tez kağız-qələmi irahladım ki, bu qiymətli kəlamları jurnalist operativliyi ilə qulluğunuza ərz edim, xoşbəxt olun…
Məndən salam olsun, Vətən oğluna,
Şərəfini qoru, adını qoru!
Namərd tor qurar ki, sığmaz ağlına,
Telfona gəlibsə, kodunu qoru!
Şəxsi dataları vermə heç kəsə,
Buraxma yaxına, talayıb-kəsə,
Gen dur müxənnətdən, uyma nakəsə,
Ocağını qoru, odunu qoru!
Kibercinayətkar girər min rəngə...
İnanma yalandan etdiyi zəngə,
Sahib çıx nəfsinə, gəl vermə əngə,
Sərvaxt ol, ondan hər zadını qoru!
Şəkk gətir, çox linki açma nəbada,
Yoxsa halal pulun gedəcək bada,
Paylaş sözlərimi eldə, obada,
Doğman güvəndəsə, yadını qoru!
Qoç Koroğlu der ki, hesabını bil!
Dələduz mesajın oxumadan sil,
Yüklə telfonuna ABB mobil!
Kam al, həyatının dadını qoru!
* * *
İlqar Shahmaroglu
Yadigar bəy, yuxudan danışmış, deyim də. Dünən axşamdan şokdan ayıla bilmirəm. Oturmuşduq evdə. Qapı döyüldü. Kuryer məktub gətirdi. Yazılmışdı: Hörmətsiz filankəs (yəni, mən), sən fevral ayında Moskvada adam öldürmüsən. Zəhmət olsa da, bilet al, qayıt bura....
Təfsilatını bir azdan, özümə gələndən sonra yazacam.
Hələ də inana bilmirəm ki, bu, yuxu idi.
Məhəmməd Ərsoy
ƏLA VƏ ZƏKİ BİR REKLAMDIR)))) EŞQ OLSUN!!!
Tural Cəfərov
Koroğlunun özü də bəzi quldurluq əməlləri ilə məşğul olurdu
Samir Mustafayev
İstedadlı publisist və şair dostuma eşq olsun. Kreativlik budur)
Mehin Qasimova
ABB nömrə birdir. Bu bankı nömrə bir edən həm də sizsiz
Fərid Rəsulov
Çox poetik, axıcı, milli və məzəlidir.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.