Azərbaycanda evlər bahalaşıb - 5 ildə 32 faiz
İlkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqdadır. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunmuş, lakin sonrakı illərdə artım meylləri müşahidə edilmişdir. Bütövlükdə, 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım olmuşdur.
Mərkəzi Banka istinadən xəbər verilir ki, 2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələmişdir. Belə ki, DSK-ın məlumatına əsasən, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9.9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5.9% təşkil etmişdir. Ümumilikdə isə, 2020-ci ildən etibarən mənzil qiymətləri 32%, sərəncamda qalan gəlirlər isə 39% artmışdır.
Mənzil bazarında təklif edilən qiymətlərinartmasına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirləri dayanıqlı ipoteka kreditləşməsinə imkan verir. Dünya təcrübəsində geniş istifadə edilən əlçatanlıq indeksi (affordabililty index) adam başına düşən sərəncamda qalan gəlirin ay ərzində verilmiş yeni ipoteka kreditləri üzrə aylıq ortalama ödənişə nisbəti kimi hesablanır. Göstəricinin 100%-dən yuxarı olması əhalinin sərəncamda qalan gəlirlərinin ipoteka ödəmə iqtidarında olduğunu, 100%-dən aşağı olması isə aylıq ipoteka ödənişinin sərəncamda qalan gəlirdən çox olmasını göstərir. 2024-cü ildə mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirmişdir. Bununla bərabər, əhalinin sərəncamda qalan gəlirləri üzrə müsbət dinamika əlçatanlıq indeksinin bençmark göstəricidən yüksək olmasına səbəb olmuşdur.