Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəxtəvər olduq, kişi, pensiyamız qalxacaq,

Çək bura manqal-şişi, pensiyamız qalxacaq.

 

Çox demişəm mən sənə arvada şəkk eyləmə,

Tərk elə bu vərdişi, pensiyamız qalxacaq.

 

Ver pulu qoz-fındığa tök cibinə, keyf elə,

Vur canına kişmişi, pensiyamız qalxacaq.

 

Azmı pul üstündə sən dava-dalaş salmısan?

Sal yadına keçmişi, pensiyamız qalxacaq.

 

Gec də ola millətə bəhrəsini verdi bu

neft ilə qaz sazişi, pensiyamız qalxacaq.

 

Çox ələ salmış bizi millətin ağçaqqalı,

Çartlasın o nakişi, pensiyamız qalxacaq.

 

Hərdən hökumət gərək naz eləsin bir qədər,

Xalq eləsə xahişi pensiyamız qalxacaq.

 

Vallah içimdən mənim lap göbəy atmaq gəlir,

Çırtma çal ay Xankişi, pensiyamız qalxacaq!

 

Sən də, Məhəmməd qağa, hövsələtəng olmusan,

Qurdalama hər işi, pensiyamız qalxacaq.

Məmməd Əvəzoğlu