YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Xaqani Cəfərli:
Rusiyanın mövcudluğu Putinin iqtidardakı ömrünə bağlıdır
Əfqanıstana hərbi müdaxilə Sovet İttifaqının dağılmasının əsas səbəbi olmasa da, imperiyanın parçalanmasında tətikləyici rol oynadığı şübhəsizdir. O zaman 260 milyondan çox əhalisi olan SSRİ-nin Əfqanıstandakı canlı qüvvə itgisi cəmi 13 833 nəfər olmuşdu. Rusiya isə təxminən ay ərzində Ukraynada bu qədər canlı qüvvə itirir. Maddi itgilər isə ümumiyyətlə müqayisə edilməyəcək dərəcədədir. Əfqanistana hərbi müdaxiləyə görə ABŞ-ın Sovet İttifaqına qarşı tətbiq sanksiyalar bu gün Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla müqayisdə zəif tənbeh idi. Moskva Olimpiadasının baykotu Rusiyanın bu gün beynəlxalq münasibətlər sistemindən təcridi ilə müqayisədə ötəri küsülülüyə bənzəyir.
Dövlət aparatının idarə edilməsinə və cəmiyyətin yönləndirilməsinə görə Rusiyadan dəfələrlə effektli siyasi sistemə malik olan Sovet İttifaqı Əfqanistana müdaxilənin tətikləiyi proseslər nəticəsində dağıldı.
Ukraynada dəhşətli itgilər verən, qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid olunmuş Rusiyanın bu günə kimi dağılmamasının özü bir möcüzədir. Bəzi konspiroloqlar Rusiyanın hələ də mövcudluğunu qoruyub saxlamasını ABŞ və Qərbin Rusiyanın parçalanmasında maraqlı olmaması ilə izah edirlər. Belə fikirlərin heç bir əsası yoxdur. Rus xalqının bundan öncə qurduqları dövlərlərin (Rusiya İmperiyası və Sovet İttifaqı) taleyi sübut edir ki, Rusiyanın ömrü hakimiyyətin ömrünə bərabərdir. Rusiyada siyasi böhran yaranan kimi bu ölkə dağılacaq. Rusiya İmperiyası çarın taxt-tacdan əl çəkməsindən sonra dağıldı. Sovet İttifaqı isə QKÇP-i hadisələrindən, yəni hakimiyyət böhranından sonra dağıldı.
Rusiyanın mövcudluğu da Putinin iqtidardakı ömrünə bağlıdır. Moskvada hakimiyyət böhranı yaranan kimi Rusiya dağılmağa başlayacaq. Moskvada isə hakimiyyət böhranı hökmən yaranacaq. Çünki, hazırkı şəraitdə hakimiyyətin ligitim yollarla ötürülməsi mümkün deyil.