KƏRİM KƏRİMLİ:
Bu əbədi dünyada yalnız sənsən əbədi!
Şuşadakı yeni Bayraq meydanında gündüz
düşüncələrimin gecə rəsmi...
Ucaldığın zirvədə dalğalan sən əbədi,
Sənin keşiyindədir bu igidlik məbədi.
Məsləkimin əvvəli, amalımın mabədi!
Adı özündən baha, özü adından baha!
Bir dövlətə mayaksan üzü nurlu sabaha!
Ölkəmin zirvəsinin zirvəsində durmusan,
Nə cah-calaldır belə, azad yurdda qurmusan?!
Sən könlümə dostmusan, qardaşmısan, yarmısan?!
Dirijor küləklərə məğrur himn oxuyursan,
Al-əlvan çəmən kimi müşk-ənbər qoxuyursan!
Sənsən ulu millətə sarsılmazı sökdürən,
Dörd rəngindən dörd yana dönməz çətir çəkdirən!
Diz çökmürmü önündə hər kəsi diz çökdürən?!
Başlara tac qoyanın başında tac varlığım,
Başımın tacı sənsən, sənsən tacidarlığım!
Sinəmi qalxan etdim sənin ilə dərdə mən,
Sən varsansa dünyada, mərd də mənəm, dər də mən!
Nə qədər ki, göydəsən, bəxtiyaram yerdə mən!
Sən ey azad ölkəmin sönməz-parlaq günəşi,
Gecə də işıq saçan Günəşsayaq günəşi.
Ucaldığın zirvədə dalğalan sən əbədi,
Bu əbədi dünyada yalnız sənsən əbədi!
3 dekabr 2024, 03:12