Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanda ilk dəfə. Orijinaldan tərcümə: Kamran NƏZİRLİ

...Skarlet "evlənmək" sözünü eşidəndə elə bil kimsə qəflətən onu göydən yerə çırpdı. Bu anlarda o xəyali olaraq özünü Aşleyin arvadı rolunda görürdü, buna görə də Çarlza müəmmalı bir acıqla baxdı. Bu gic toyuq da vaxt tapdı ona eşq elan eləməyə! Özü də belə bir həyəcanlı gündə! Qız oğlanın yalvarış dolu qonur gözlərinə baxdı, o gözləri daha da ülviləşdirən, oğlanlarda yaranan ilk sevginin ürkək közərtisini görmədi; qız heç öz canlı idealını tapıb qarşısında sitayiş edən gözləri də sezmədi, zəriflik, xoşbəxt olmaq ümidiylə alov saçan, vəcdə gələn həyəcanı duymadı. Skarletə Çarlz Hamiltondan da cəlbedici və yaraşıqlı kişilər belə təkliflər etmişdi, lakin o, düşünürdü ki, onlar daha nəzakətliydi, heç vaxt ona evlənmək təklifini barbekdə etməzdilər, daha münasib yer seçərdilər. Axı indi onun beynində daha vacib fikirlər dolaşır! Qız qarşısında üzünü qırmızı rəngə boyamış və sadəcə gicbəsər kimi görünən iyirmi yaşlı sütül bir oğlan görürdü! Skarlet onun haqqında düşündüklərini oğlanın üzünə demək istəyirdi, amma qeyri-ixtiyari Elenin sözləri yadına düşdü; anası öyrətmişdi ki, belə vaxtlarda qız gərək gözlərini aşağı diksin. O da beləcə etdi və belə hallar üçün öyrəndiyi sözləri mızıldadı:

- Mister Hamilton, əlbəttə, sizin mənə göstərdiyiniz etimadı yüksək qiymətləndirirəm, lakin bu təklif elə qəfil oldu ki, düzü, bilmirəm sizə nə cavab verim.

Bu, pərəstişkarın xətrinə dəyməmək üçün ən nəzakətli vasitəydi, qarmağa ilişən kişini elə qarmaqdaca saxlamağın ən münasib yoluydu. Çarlz artıq azğın qadın tələsinə düşmüşdü.

- Mən nə qədər desəniz gözləməyə hazıram! Nə vaxt desəniz, onda olsun! Ah, Miss Ohara, xahiş edirəm, deyin görüm mən ümid edə bilərəm?

- Hımmm,- Skarlet mızıldandı, qızın sərt baxışları yenə Aşleyə sataşdı. Aşley müharibədən çənə vuran kişilərə qoşulmamışdı, yenə skamyada oturub Melanini başdan ayağa təbəssümlə süzürdü. Əgər onu təngə gətirən bu axmağın evlənmək təklifiylə bağlı sözləri aman versəydi, o, Aşleylə Melaninin nə danışdıqlarını da eşidərdi. Bu, Skarletə daha çox vacib idi. Nə üçün Aşley Melaniyə belə maraqla qulaq asır, qız ona nə deyə bilərdi axı?

Çarlzın titrək donqultularından Aşleygilin söhbətini eşitmək olmurdu.

- Eeee, sakit durun!- deyə Skarlet heç Çarlza baxmadan qeyri-ixtiyari onun əlini sıxdı. Heyrətlənmiş, həm də incimiş Çarlz daha da qızardı. Və birdən gördü ki, Skarletin gözləri onun bacısına tuşlanıb, sonra rahat nəfəs aldı. Əlbəttə, Skarlet sadəcə qorxur ki, Çarlzın sözlərini kimsə eşidər. Qız sadəcə sıxılır, çəkinir, o, təbii ki, utancaqdır. Skarlet həyəcan içindədir, ona görə təşviş hissi keçirir ki, kimsə onların söhbətlərini eşidə bilər. Kişi qüruru Çarlzı dingildətdi, o, özünü çox güclü hiss etdi. Çarls ömründə heç vaxt heç bir qızı belə həyəcana gətirməmişdi. Bəli, o, indi belə bir çoşqulu hiss yaşayırdı. Oğlan çalışırdı ki, üzünə etinasız bir ifadə versin, öz növbəsində Skarletin əlini xəlvətcə sıxırdı, göstərmək istəyirdi ki, o, kübardır, hər şeyi başa düşür, qızdan heç incimir də... Qız isə heç onun əlini öz əlində hiss etmədi, bu anlarda onun qulağına Melaninin zərif səsləri dəyirdi, şübhəsiz, Melanini ecazkar edən də bu səslər idi. Melani deyirdi:

- Mən Mister Tekkerinin əsərləriylə bağlı dediklərinizlə razılaşa bilmərəm... O ədəbsiz adamdır. Düşünürəm ki, o, Mister Dikkens kimi centlmen deyil.

"Aman Allah, bu qız gör nə boş-boş danışır!? Kişiylə də belə söhbət edərlər?" Skarlet düşündü, az qala öz-özünə donquldanacaqdı, amma özünü saxladı."Ondan bunu gözləmək olar da, nə bilir qadınlıq nədir? Əlbəttə ki, kişilər belə pedant qızlara necə münasibət bəslədiklərini yaxşı bilir... Kişini maraqlandırmaq, onu özünə cəlb etmək istəyirsənsə, gərək əvvəlcə onun özüylə maraqlanasan, onun özündən danışasan, sonra isə yavaş-yavaş, nəzərə çarpmadan söhbəti özünə sarı döndərəsən, daha sonra elə bu mövzunu bacardıqca uzadasan... " Əgər Melani bu sözləri, məsələn, "Ah, siz necə də yaraşıqlısınız! Ah, əzizim, sizin dediyiniz fikirlər necə də gözəldir! Ah, əgər mən də sizin kimi belə ağıllı düşünsəm, mənim zavallı başım şişər!" desəydi, Skarlet, əlbəttə, çox həyəcan keçirərdi. Lakin Melani belə demirdi, oğlanın düz gözlərinin içinə baxıb elə ciddi danışırdı ki, elə bil kilsədədir. Gələcək gün yenə Skarletin gözlərinə parlaq göründü, onun əhvalı yenə yaxşılaşdı, dodaqlarına sevinc təbəssümü qondu, nəhayət, gülərüzlə Çarlza sarı döndü. Bu vəziyyətdən ruhlanan Çarlz qızın yelpiyindən tutub elə əzmlə yelləməyə başladı ki, qızın telləri dağıldı.

- Aşley, bəs siz nə düşünürsüz, heç bir fikir bildirmirsiz,- deyə Cim Tarlton bir qədər aralıda, mübahisə edən kişilərin yanından Aşleyə səsləndi. Oğlan Melanidən üzr istəyib ayağa durdu. "O, burdakı kişilərin hamısından qəşəngdir!" deyə Skarlet oğlanın təbii hərəkətlərini, sarışın saçlarında gün şüalarının oynadığını heyranlıqla seyr edərək düşündü. Aşley cavab verəndə hətta yaşlı kişilər də ona qulaq asmaq üçün susdular.

- Hə, cənablar, deməli, məsələ belədir: əgər Corciya müharibə etsə, mən də onunla birlikdə olacam. Bəs nə bilmişdiz? Süvari qoşun dəstəsinə elə-belə yazılmamışam ki?- Aşley bildirdi. Onun boz gözləri iriləşdi, gözlərindəki xəyalpərvərlik bir anlıq qətiyyətli ifadəylə əvəz olundu. Skarlet onu heç vaxt belə görməmişdi.

- Lakin mən də atamın bu fikrinə şərikəm ki, yankilər müharibə etməyəcək, sülhə qol qoyacaqlar, müharibə-zad olmayacaq!

Aşley Fonteyn qardaşlarıyla Tarltonların nəsə donquldanmaq istədiklərini görüb gülümsəyərək əlini qaldırdı. - Hə, hə, bilirəm, bizi təhqir ediblər, bizi aldadıblar... amma biz yankilərin yerində olsaydıq, İttifaqdan çıxmaq istəsəydik onda nə edərdik? Biz də onlar kimi hərəkət edərdik! Bizim də belə şeylər xoşumuza gəlməzdi!

"Bəli də, həmişəki kimi özünü hər zaman özgənin yerinə qoymağa çalışır!" Skarlet düşündü. Skarletə elə gəlirdi ki, kim deyir ki, mübahisədə hər bir tərəfin öz həqiqəti var, səhv edir. Bəzən o, Aşleyin nə dediyini heç anlamırdı da...

- Gəlin qızışıb savaşmağa başımızı soxmayaq! Dünyanın bütün fəlakətləri müharibə ucbatından baş verir! Müharibə bitəndən sonra isə heç kim əməlli-başlı izah edə bilmir ki, bütün bu qanlar nəyin üstündə tökülüb.

Skarlet fısıldadı. Aşley bəxtəvərdi ki, belə nüfuza sahibdi; onun cəsur olduğuna heç kəsdə bir qram belə şübhə ola bilməzdi, hətta təhqirə qarşı da çox soyuqqanlı idi. Skarlet bu düşüncələrə dalarkən Aşleyə qarşı qəzəbli səs-küy qalxdı.

Çardaqda oturan Fayetvilli kar qoca İndiadan soruşdu:

- Bunlara noolub belə? Nə deyirlər, nədən danışırlar?

- Müharibədən!- İndia qışqırdı,- Yankilərlə savaşmaq istəyirlər...

-Müharibədən? Belə de də!- qoca da öz növbəsində qışqırdı, əl ağacına söykənib yaşına uyğun olmayan elə cəldliklə yerindən qalxdı ki, hamı məəttəl qaldı.

- Mən bununla bağlı çox şey bilirəm, müharibədə olmuşam! Müharibə haqqında çox şey danışa bilərəm!- qoca səsini ucaltdı.

Mister Makre üçün müharibədən danışmaq fürsəti az-az olmuşdu. Hətta fürsət düşsəydi belə, onun ailəsindən olan qadın tayfası dərhal qocanın ağzını yumurdu. Mister Makre əl ağacını yellədə-yellədə iti addımlarla kişilərin toplaşdığı səmtə yeridi; qoca çox pis eşidirdi, söhbətləri tuta bilmirdi, buna görə də toplaşan kişilər onunla söz güləşdirmək istəmədilər.

- Hey, cavan uşaqlar, mənə baxın, qocanı eşidin! Bu müharibə sizin nəyinizə gərəkdir? Axı mən müharibə görmüşəm, vuruşmuşam və bilirəm o nə olan şeydir! Seminol döyüşlərində olmuşam, hələ bir axmaq kimi Meksika müharibəsində də iştirak etmişəm. Heç biriniz müharibənin nə olduğunu bilmirsiniz! Elə bilirsiz müharibə qəşəng atların belində cövlan edib çapmaq, çiçək tullayan qızlara gülümsəmək, sonra da evə qəhrəman kimi dönmək deməkdir? Yox, uşaqlar, yox! Müharibə ac-yalavac gəzmək, rütubətdə yatmaq, qızdırmaya tutulmaq, xəstələnmək deməkdir. Bəli, bəli, cənablar, qızdırma olmasa da, ishala tutulursan. Müharibə mədə-bağırsağa güzəşt eləmir, cənablar! Bir də gördün qarın ağrısına...düşdün... daha sonra isə...

Bunu eşidən xanımların yanaqları qızardı. Mister Makre dəhşətli dərəcədə bərkdən gəyirən Fonteynlərin nənələri kimi daha amansız tarixin, keçmişin canlı xatirəsiydi. O keçmişi hamı unutmağa çalışırdı.

- Tez elə, get babanı gətir ordan, - deyə qocanın qızlarından biri öz qızının qulağına pıçıldadı.- Kişi gündən-günə dözülməz olur!- sonra üzünü ətrafında oturub qaqqıldayan yaşlı qadınlara tutub yavaşdan söyləndi.- Təsəvvür edin, bu gün səhər də o, Meriyə belə dedi, gör ha, uşağın hələ on altı yaşı var e!

Qadınların pıçıltılarını güclə eşitmək olurdu, nəvə çardaqdan durub babasına tərəf getdi ki, onu yerinə, kölgəliyə dartıb qaytarsın.

Ağacların altına toplaşıb hay-küy salan kişilər, o tərəf bu tərəfdə həyəcan içində gülümsəyən qızlar arasında təkcə bir nəfər səssiz-səmirsiz durmuşdu. Fet Batler! Skarlet ona tərəf baxdı, Batler Mister Vilks ondan aralanandan bəri ağaca söykənib durmuş, əllərini şalvarının ciblərinə salmışdı. Bir kəlmə belə danışmır, qızğın mübahisə edən kişilərə tamaşa edirdi. Onun qara nazik bığları altındakı dodaqları azca aralanmış, simasından təbəssüm güclə sezilirdi. Qara gözləri təkəbbürlü istehzayla parıldayırdı, sanki o, özünü öyən balaça uşaqların hap-gopuna qulaq asmaqdan ləzzət alır, əylənirdi."Onun necə də xoşagəlməz təbəssümü var!" Skarlet düşündü. Batler sakitcə mübahisəyə qulaq asırdı; kürən saçları pırtlaşan Styuart Tarltonun gözlərindən od çıxırdı, o, elə hey qışqırıb bağırırdı:

- Biz bircə aya onları məhv edəcəyik! Axı bu tör-töküntü və küçə adamları kübarlara nə edə bilər?! Biz centlmenik, onlardan yaxşı vuruşuruq! Nə bir ay, elə ilk həmlədən onların başını əzəcəyik!

- Cənablar, icazə olarmı mən də bir söz deyim?- deyə Ret Batler əllərini ciblərindən çıxarmadan tənbəl-tənbəl yerini dəyişdi. Onun hərəkətlərində də gözlərindəki kimi həqarət duyulurdu, o, sanki incə bir nəzakətlə pərdələnmiş, eyni zamanda rişxəndə bənzəyirdi.

Hamı ona sarı döndü, məclis susdu; kişilər bir qədər ifrat iltifatla açıq-aşkar büruzə verdilər ki, Batler onların dairəsinin adamı deyil.

- Cənablar, cənuba gedən Meyson-Dikson dəmiryolu həndəvərində bir dənə də silah zavodu yoxdur. Siz heç bu barədə düşünmüsüz? Ya da Cənubda Tökmə zavodlarının az olduğunu bilirsizmi? Eləcə də toxuculuq fabriklərinin, yunəyirmə, gön-dəri istehsalı müəssisələrinin nə qədər olduğu barədə məlumatınız varmı? Sizin heç bircə dənə də hərbi gəminiz yoxdur, Yankilərin dəniz donanması bizim limanlarımızı bir həftənin içində tutar, bu haqda fikirləşmisiz? Əgər belə olsa, biz heç okeanın o tayına öz pambığımızı sata bilmərik. Bax belə, cənablar, bu barədə yəqin ki, düşünmüsünüz...

"Hə də, o bizim oğlanları lap axmaq yerinə qoyur!" Skarlet hiddətləndi, yanaqları da qıpqırmızı qızardı.

Görünür, bu fikirdə olan təkcə Skarlet deyildi. Cavan oğlanlardan da kimsə narazı-narazı Batlerə baxırdı. Lakin Con Vilks sanki təsadüfən Batlerin yanında peyda oldu, elə bil hamıya xatırlatmaq istəyirdi ki, Batler onun qonağıdır, bundan başqa unutmasınlar ki, burda xanımlar da var.

- Biz cənubluların bədbəxtliyi ondadır ki, dünyanı az görürük, səyahət etmirik, ya da səyahətdə gördüklərimizi gətirib öz vətənimizdə tətbiq edə bilmirik...- deyə Ret Batler davam elədi.- Əlbəttə, cənablar, hamınız səyahətə getmisiz. Bəs siz orda nə görmüsüz? Avropanı, Nyu Yorku, Filadelfiyanı, əlbəttə, bizim xanımlar isə Saratoqanı görüblər (o, çardağa tərəf dönərək qadınlara yüngülcə təzim elədi). Siz hotelləri, muzeyləri görübsüz, ballara getmisiz, qumarxanalarda olmusunuz. Və evə də tam əminliklə qayıtmısız ki, bəli, bizim Cənubdan yaxşısı yoxdur. Mənə gəlincə isə, mən özüm Çarlstonda doğulmuşam, lakin son bir neçə ili Şimalda yaşamışam.

O, dişlərini ağardıb gülümsədi, sanki anlatmaq istəyirdi ki, Çarlstonda daha yaşaya bilməməsinin səbəbi hamıya bəlli olsa da, onun üçün bunun heç bir əhəmiyyəti yoxdur.

- Mən çox şey görmüşəm. Bir parça çörəyə və bir-iki dollara görə Yankilərin tərəfindən vuruşmağa hazır olan minlərlə mühacir görmüşəm; mən zavodlar, fabriklər, gəmi tərsanələri, mədənlər, daş-kömür yataqları görmüşəm. Bunlar bizdə yoxdur. Bəs nə var bizdə? Yalnız pambıq, qullar və lovğalıq! Vəssalam! Buna görə də biz yox, onlar bizi bir ayın içində məhv edərlər!

Bir anlıq ortaya ölü sükut çökdü. Ret Batler cibindən zərif kətan parçadan olan burun dəsmalını çıxartdı, tənbəl-tənbəl qolundakı tozu çırpdı. Bundan sonra qonaqlardan məşum pıçıltılar qopdu, çardaqdakı qadınlar pətəkdən qəflətən çıxan hürkmüş arılar kimi uğuldadı. Skarletin yanaqları hiddətdən alovlanıb yansa da, qız başa düşürdü ki, bu adam düz deyir, onun sözlərində həqiqət var, sağlam düşüncə var. Doğurdan da, Skarlet özü də ömründə bircə dənə zavod, fabrik görməyib. Heç olmasa o zavodların birini görən adamı da tanımayıb. Amma bütün hallarda bu Batler centlmen deyil; o, tərbiyəsizlik elədi, gərək piknikdə, adamların istirahət elədiyi belə bir məclisdə bu sözləri dilinə gətirməyəydi.

Styuart Tarlton qaşlarını çataraq qabağa yeridi, Brent də onun dalınca. Əlbəttə, əkizlər yaxşı tərbiyə almışdılar, yumruqlarını düyünləsələr də barbekdə dava-dalaş salmazdılar. Bununla belə, xanımlar sanki maraq içində həyəcana gəldilər - axı onlar ictimai mübahisə səhnələrini çox nadir hallarda görmək ləzzətini yaşayırdılar. Adətən onlar bu hadisələri üçüncü şəxsdən eşidirdilər.

- Ser, siz nə demək istəyisiz? - deyə Styuart təhdidlə soruşdu.

Ret Batler çox nəzakətlə cavab verdi, lakin onun baxışları istehzayla doluydu.

- Demək istəyirəm ki, Napoleon, yəqin eşitmisiz də onun haqqında, hə, Napoleon deyib ki, "Allah həmişə güclü ordunun tərəfindədir".

Sonra üzünü Con Vilksə çevirib ehtiramla, həm də səmimiyyətlə dedi:

- Siz söz vermişdiniz ki, mənə kitabxananızı göstərəcəksiz, ser! Əgər əziyyət deyilsə, bunu indi edə bilərsinizmi? Bir azdan Consboroya gedəcəm, orda mənim balaca, lakin təxirəsalınmaz bir işim var...

Batler o biri qonaqlara üzünü çevirib dabanlarını yerə vurdu və sanki rəqsdə olduğu kimi nəzakətlə təzim etdi; bu, belə bir güclü adam üçün çox usta və çevik hərəkət, həm də bir şillə təsiri bağışladı. Batler qara saçlı başını dik tutub Con Vilksin dalınca evə tərəf yeridi; yerdə qalanlar onun adamı qıcıqlandıran rişxənd dolu gülüşlərini eşitdilər. Bir anlıq hamı heyrətdən donub qaldı, sonra yenə uğultu və səs-küy qopdu. İndia yorğun-yorğun yerindən qalxdı, qəzəblənmiş Styart Tarltona sarı yeridi. İndianın sözlərini Skarlet eşidə bilmədi, lakin İndianın Styuarta tuşlanan baxışları Skarleti nəsə vicdan əzabı çəkməyə məcbur elədi. Bu, eynilə bayaq Melani və Aşleyə baxanda keçirdiyi hisslərə bənzədi. Əlbəttə, Styuart İndianın baxışlarını görmədi. Deməli, İndia Styuartı sevir! Skarlet istər-istəməz düşündü ki, əgər bir il bundan qabaq belə bir siyasi yığıncaqda İndia Styuarta qarşı cidd-cəhdlə əzilib-büzülməsəydi, bəlkə də oğlan onunla çoxdan evlənmişdi. Lakin Skarlet dərhal özünə təskinlik verib sakitləşdi: bu, İndianın səhvi deyil! Bəzi qızlar ümumiyyətlə kişini tutub yanında saxlamağı bacarmırlar!..

(ardı var)

İngiliscədən çevirdi: Kamran NƏZİRLİ