Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: İmperiyanın sonu... Heykəlin şahidliyi...

Amerikalı konqresmen və britaniyalı parlamentarinin xalqımızın azadlıq eşqi ilə bağlı fikirləri gerçəkdən qürurvericidir.

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Nümayəndələr Palatasında Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı bəyanatında həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu xatırladıb.

Lakin amerikalı konqresmen, kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib.

Robert Aderholt 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtı Bakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlı nümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması ilə böyük zorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

***

Böyük Britaniya parlamentinin üzvü Bob Bləkmən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı ilkin qanunvericilik təşəbbüsü irəli sürüb, bəyanat yayıb.

Bəyanatda 1990-cı ildə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan mülki şəxslərin xatirəsi anılıb və bu hadisələrin heç vaxt unudulmaması üçün bütün parlamentarilərin baş verənləri yad etmələrinə çağırış edilib.

***

Amerikalı və ingiltərəli parlamentarilərin qırmızı terrorçu Leninin qurduğu keçmiş Sovetlər Birliyinin şər imperiyası olduğunu qeyd etmələri obyektiv qiymətləndirmədir. Və xalqımızın qanının baiskarı da məhz bu imperiyanın başında duran sonuncu iblis, qatil Qorbaçov idi.

Kommunizm sistemi 35 il əvvəl çöksə də, lakin əfsuslar olsun ki, SSRİ-nin hüquqi və siyasi varisi olan hazırkı Rusiya Federasiyası da şər imperiyası rolunu davam etdirir.

35 il bundan öncə bizim xalqımızı gülləbaran edən sovet dövlətinin hüquqi varisi bu gün dinc Ukrayna xalqının başına bomba yağdırır.

Bir sözlə, dekorasiyalar dəyişsə də, lakin imperiyanın qanlı mahiyyəti isə dəyişməyib.

P.S.

Bu gün Azərbaycanın Mixail Qorbaçova verilmiş Nobel Sülh mükafatının geri alınmasına çağırış etməsi haqlı tələbdir.

P.P.S.

Foto 1990-cı il yanvarın 20-də çəkilib. Gorbagor Leninin bu heykəli onun qurduğu qırmızı imperiyanın Bakıda dinc insanların qanını axıtmasına şahidlik etmişdi. Həmin gün insanlarımız Tanrı dərgahına əl açır, Leninə, Stalinə, Qorbaçova lənət oxuyurdular. Bu, doğrudan da qırmızı imperiyanın süqut anı idi.