Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ŞİMALİ MAKEDONİYADA AZƏRBAYCANLI ARXEOLOQ ALİM QAFAR CƏBİYEVƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

17-19 yanvar 2025-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2025: Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktiki konfrans baş tutub. Konfrans Azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Konfrans Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzi (Skopye şəhəri), Türkiyənin Adnan Menderes Universiteti (Aydın şəhəri), Macarıstanın Qabaqcıl Tədqiqatlar İnstitutu (Kozseg şəhəri) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı şəhəri) birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Serbiya, Monteneqro, Gürcüstan, Macarıstan, Slovakiya, Çexiya, İsveçrə, Yunanıstan, Latviya, İtaliya, Sloveniya, Bolqarıstan, Rusiya, Braziliya, Yamayka, Kosova və digər dövlətlərdən 80-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib.
Tədbiri giriş sözü ilə açan Konfrans Elmi və Təşkilat Komitəsinin sədri Prof.Dr. Rubin Zemon deyib ki, kollektiv yaddaş bir qrup tərəfindən paylaşılan və onların sosial kimliyinə təsir edən xatirələrdir. Tədqiqatlar ya keçmişin seçiminə, ya da keçmişin ağırlığına diqqət yetirir. “Sosial topoqrafiya” açıq-aydın idrak fokusunu nəzərdə tutur və keçmişin zehnimizdə necə qeydə alınıb təşkil olunduğuna baxır. Daha sonra o, yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər mövzusunda danışıb. Ohrid şəhər bələdiyyəsinin sədr müavini Ana Krstevka, Avstriya İohann Kepler Universitetinin professoru Veronika Vitman, Macarıstan Qabaqcıl Tədqiqatlar İnstitutunun dosenti Monkia Matay, Türkiyə Adnan Menderes Universitetinin dosenti Əhməd Aytac, Albaniya Elbasan Universitetinin professoru Mələk Şopi açılış çıxışı ediblər.
Professor Rubin Zemon bu il konfransı azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr etdiklərini bildirib. Onun haqqında xoş ifadələr işlədən Rubin Zemon bildirib ki, Qafar Cəbiyev Ohrid Vodiçi konfransına dəstəyi ilə hər zaman seçilib. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Professor Qafar Cəbiyev: tərcümeyi-halı və elmi nailiyyətləri" mövzusunda geniş məruzə edib. Təqdimatın linki: www.researchgate.net/publication/388141616
Sonra professor, tarix elmləri doktoru Qafar Cəbiyev "Makedoniyalı İsgəndəri Azərbaycanla birləşdirən tarixi yaddaşa dair bəzi etüdlər" mövzusunda konfransın fəxri məruzəsini edib. O, Makedoniyalı İsgəndərin Azərbaycan dövlətlərinin yaranmasına təsirindən, ellin mədəniyyətinin ölkəmizdə yayılmasından, Albaniyanın təqlid sikkələrindən, Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından danışıb. Məruzənin sonunda Azərbaycandan gətirdiyi "İsgəndərnamə" poemasını Ohrid bələdiyyəsinin sədr müavini Ana Krstevkaya hədiyyə edərək bu kitabın makedon dilində yayımlanacağına inandığını bildirib. Qafar Cəbiyev konfransı onun 75 illik yubilyeinə həsr etdikləri üçün minnətdarlıq edib, Azərbaycan alimlərinə verilən dəyər kimi qiymətləndirib.
Konfransın bölmə iclaslarında mədəni irs, iqtisadiyyat, turizm, media, kollektiv yaddaş, yaddaş siyasəti, müasir kimliklər, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularda məruzələr dinlənilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri professor tarix elmləri doktoru Qafar Cəbiyev, şöbənin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fariz Xəlilli və Elmira Abbasova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi memarlıq üzrə fəlsəfə doktoru Məhəmməd Nurməmmədov və İtaliyadan bərpaçı-memar professor Luigi Scrinzinin  həmmüəllif olduğu “Bakıda Bayırşəhər anlayışı və hamam mədəniyyəti (Zərgərpalan hamamı arxeoloji tədqiqatları əsasında) (təqdimatın linki: www.researchgate.net/publication/388140176), Arxeologiya və Antropologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutundan filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsindən Gülşən Cabbarovanın həmmüəllif olduğu "Azərbaycanda Şəki rayonu Babaratma kənd qəbiristanlığında iki qəbirin öyrənilməsində kollektiv yaddaşın elementləri" (təqdimatın linki: www.researchgate.net/publication/388127573) mövzularında məruzələr dinlənilib.
Tədbir çərçivəsində Türk incəsənəti qarışıq sərgisi və kaşı ustası Həvva Fıratın kaşı və çini işlərindən ibarət fərdi sərgisi keçirilib. Həvva Fırat Prof.Dr. Qafar Cəbiyevə İznik çini nümunələri əsasında hazırladığı çini əsərini hədiyyə edib.
Tədbir çərçivəsində qonaqlar YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olublar.