İlhamə Məhəmmədqızı:
Borçalının ilk kimyaçı professoru
“Tərəqqi” meddallı, Qabaqcıl təhsil işçisi Teymur Məmməd oğlu İlyaslının insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnəkdir. Bu keyfiyyətlər alimin yüksək təvazökarlığı ilə tamamlanır. Yorulmaz tədqiqatçı, müasir düşüncə tərzi ilə ziyalı elitamızda layiqli yer tutan alim 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalının Qurtlar kəndində fəhlə ailəsində dünyaya göz açıb.
Arzuların qanadında həyatın qoynuna atılıb. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. Təyinatla Dəvəçi rayonunun (indiki Şabran) Dağbilici kəndinə göndərilib. Həmin kəndin məktəbində müəllim çatışmırdı. Kənddə təhsilin səviyyəsi, maarifləndirmə zəif idi. Kənd camaatının savadlanması öndə duran məsələlərdən biri idi. Məktəbdə kimya, biologiya, fizika, hətta astronomiyadan dərs keçməli olub. İctimai işlərdə də fəallıq göstərib. Təşkilatçılıq bacarığını yüksək dəyərləndiriblər. Onu Komsomol bürosuna üzv seçibilər. Artıq əsgərliyə getmək vaxtı çatanda Hərbi Komissarlığa çağırılıb. Orada ona məktəbdə kadr çatışmadığı üçün müəllim işləməyi məsləhət biliblər. Ancaq etiraz edib, əsgəri xidmətə gedib. Ali təhsilli olduğu üçün Hərbi Dəniz Qüvvələrində bir il yarım çalışıb. Qayıtdıqdan sonra Şabran rayonunda pedaqoji fəaliyyətini davam etdirib. Elmin sirlərinə daha çox yiyələnmək istəyilə Bakıya dönüb, aspiranturaya qəbul olib. Qarşısına qoyduğu məqsədə çatmaq üçün biliklərini artırıb, oxumaqdan doymayıb. 1979-cu ildə namizədlik dissertasiyasını mdafiə edib, 1982-ci ildən çalışdığı Bakı Dövlət Universitetində böyük elmi-tədqiqat laboratoriyasını yaradıb. Səyləri boşa çıxmayıb. Bir çox elmi nailiyyətə imza atıb. 1992-ci ildə doktorluq alimlik dərəcəsi alıb. Disertasiya mövzusu “Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi” adlanıb. Elmi rəhbəri AMEA-nın müxbir üzvü Paşa Həbib oğlu Rüstəmov olub. 2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibi işləyib. 17 il Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışıb. Hazırda bu ali təhsil ocağında gənc nəslin mükəmməl təhsil alması, elmin incəliklərinə və sirlərinə yiyələnməsi üçün bütün bilik və bacarığını əsirgəmir.
Dəyərli professor Teymur İlyaslı 700-dən çox elmi məqalənin, 30-a yaxın kitabın,15 patentin müəllifidir. Rəhbərliyi altında 15 elmlər namizədi hazırlayıb. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda fəal iştirak edib.
Onun uğurlarının arxasında zəhməti və əziyyəti, yuxusuz gecələri, narahat gündüzləri və bir də ona mənəvi dayaq olan gözəl ailəsi dayanır. Həyat yoldaşı Elmira xanım da Bakı Dövlət Universitetində alman dili müəllimidir. Hər ikisi Vətənimizə İki layiqli oğul yetişdirib. Dörd nəvə, bir nəticənin sevimlisidir.
Məqsədyönlü yolda ağartdığı saçlarının hər dəni, əlindəki qırışları, üzündəki nurla parlaq gələcəyə daha böyük inam bəsləyən, elm və təhsil sahəsində çıraq tək yanan, Borçalının ilk kimyaçı professoru Teymur İlyaslıya möhkəm can sağlığı,yeni-yeni uğurlar və nəvə-nəticə sevinci arzulayırıq.
İlhamə Məhəmmədqızı,