Müşfiq Ələsgərli:
Denisov Azərbaycana göndərilməmişdən əvvəl Cənubi Osetiyada etnik separatizmin alovlandırılmasında rol alıb
Avropa İttifaqı Şurası hələ 2022-ci ilin fevral ayında üzv ölkələr ərazisində Rusiyaya məxsus "Russia Today" və onun bütün versiyalarının, o cümlədən, “Sputnik” fəaliyyətinin qadağan edilməsi barədə qərar verib. Həmçinin, Marqarita Simonyan da daxil olmaqla, "Russia Today"-in rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib. Səbəb kimi "Russia Today" şəbəkəsinin dezinformasiya yayıması, informasiya manipulyasiyaları ilə məşğul olması, əməkdaşlarından casus qismində istifadə olunmasıdır. 2024-cü ildə isə sosial media nəhəngi “Meta” "Russia Today"-yə məxsus media qurumlarının səhifələrini silib. Bu qərar ABŞ prezidenti Co Bayden administrasiyasının RT barədə faktları açıqlaması ilə əlaqələndirilib. Həmin açıqlamalarda RT əməkdaşları “Moskvanın casus agentlikləri” kimi təqdim edilir.
Şirkətin Azərbaycan təmsilçiliyinə-“Sputnik-Azərbaycan” Agentliyinə 2022-ci ilin mart ayında yeni rəhbər qismində təyin olunan Vitali Denisovun da Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu barədə həmin dövrdə məlumatlar yayıldı. Bəlli oldu ki, Denisov Azərbaycana göndərilməmişdən əvvəl “Sputnik”in Cənubi Osetiyadakı bürosuna başçılıq edib və orada etnik separatizmin alovlandırılmasında rol alıb. Bu baxımdan Azərbaycan Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində 2 nəfər FTX əməkdaşının aşkar edilib saxlanılması təəccüblü deyil.