Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paşinyan: Ermənistana xalqın iradəsi ilə təsdiq edilmiş yeni konstitusiya lazımdır

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə ölkənin yeni konstitusiyaya ehtiyacı olduğu mövqeyini bir daha bəyan edib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, o, bunu Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyib.

"Ermənistanın ümumxalq səsverməsi ilə təsdiq edilmiş yeni konstitusiyaya ehtiyacı var. Xalqın doğma hesab edəcəyi konstitusiya. Xalqın öz vətənində - dövlətində ömürlük yaratdığı həyat qaydası".

Paşinyan qeyd edib ki, Ermənistanda son 35 ildə qurulan hüquqi nizam hələ də xalq tərəfindən onların iştirakı olmadan qəbul edilmiş bir şey kimi qəbul edilir.

Onun sözlərinə görə, Ermənistana ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsəd daşımalı olan yeni konstitusiya lazımdır. Reallıq isə, onun fikrincə, elədir ki, keçmiş minilliklərdən fərqli olaraq, indi vətəndaşlar vətənlə dövləti bir hesab edirlər.

“Bizim mesajımız çox aydın olmalıdır və bu mesajın obyektiv ifadəsi Ermənistan xalqının azad iradəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirmişdi ki, konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin vaxt müzakirələrin gedişindən asılıdır. O əlavə edib ki, Konstitusiya İslahatları Şurasının uzun müddətdən sonra ilk iclası iki həftədən sonra keçiriləcək.