Hmm...
Bu ad-soyad sizə tanış deyil ki?
Ara-sıra mətbuatda onun adına rast gəlirəm. Stepan Fyodoroviç Yemelyanov...
Bu ad-soyad, olsun ki, indiki nəslə heç nə demir. Amma vaxtilə, xüsusən ötən əsrin 40-50-ci illərində Yemelyanov familiyası Bağırov soyadı qədər məşhur idi. Bəli, Mircəfər Bağırov nəzərdə tutulur...
Stepan Yemelyanov 1939-1941- ci illər arasında Azərbaycanın Daxili İşlər komissarı vəzifəsində çalışıb. O, bu vəzifəyə təyin olunanda 37 yaşı vardı. Yemelyanov 1943-1953-cü illərdə DTK-nın xalq komissarı, daha sonra yenə qısa bir müddətdə Daxili işlər naziri vəzifəsində işləyib.
Stepan Yemelyanov 29 iyul 1953-cü il tarixdə vəzifədən azad edilib. O, 26 aprel 1954-cü il tarixdə SSRİ Ali məhkəməsi Hərbi kollegasının hökmü ilə 25 il azadlıqdan məhrum edilib. O, məhbəsdə cəmi 16 il “yatıb”. SSRİ Ali Sovetinin 27.05.1970 tarixli qərarı ilə əfv edilib. O, Mordova MSSR- in həbs düşərgəsindən azad olunsa da, bəraət almayıb. 1988-ci ildə, 91 yaşında Bakıda vəfat edib...
Məsələ burasındadır ki, mən Stepan Yemelyanovu həyatda görmüşəm. Ötən əsr 80-lərin əvvəlində tanışlarımdan biri indiki Atatürk prospektində (o vaxtkı adı səhv etmirəmsə Gənclər Dostluğu- Drujba Molodyojı küçəsi idi) yaşayırdı. Təsadüfən evlərinin yanında rastlaşdıq. Bu zaman yanımızdan kölgə kimi boz geyimli bir adam keçib, qəzet köşkünə sarı getdi.
Tanışım məndən soruşdu:
-Bu adam sənə tanış gəlmədi ki?
Təccüblənib çiynimi çəkdim.
Dedim:
-Yox. Haradan tanımalıyam ki?
O, gülümsəyib dedi:
- Yemelyanov familiyası sənə bir şey demir ki?
Mən dedim:
-Əlbəttə, eşitmişəm... Əvvəllər, əllinci illərin dərsliklərində Bağırovun yaxın silahdaşı kimi öyülürdü, sonralar, yəni Bağırov güllələnəndən sonra söyülməyə başladı...
Tanışım gülüb dedi:
-Bax həmin Yemelyanov budur. Bizimlə bir binada, qonşu blokda yaşayır... Çoxları elə bilir ki, onu da Bağırov kimi güllələyiblər. Amma gördüyümüz kimi o, salamatdır, özü də sağlamdır. Bir neçə il əvvəl sürgündən qayıdıb, türmədən çıxıb... İndiki cavanlar onu tanımır, amma yaşlı nəslin adamları onun adını eşidəndə yenə ehtiyat edirlər. -Sonra gülüb dedi:- Elə bunun özü də adamlardan çəkinir, heç kəsə qaynayıb-qarışmır...
Bu əsnada həmin adam əlindəki qəzeti yelləyərək geri qayıdırdı. Rus ad-familiyası daşısa da, sifət cizgilərindən və rəng-rufundan rusa oxşamırdı... Onun təkcə geyimi yox, sanki sifətinin rəngi də bomboz idi. O, yanımızdan kölgə kimi sürünüb evin həyətinə sarı buruldu...
p.s.
Sonralar bioqrafiyası ilə tanış olarkən Stepan Yemelyanovun Kazan Quberniyasının Menzeli qəzasının Taşliyar kəndində anadan olduğunu bildim. Elə doğulduğu yerin adı onun milliyyəti haqqında ilkin təsəvvür və təəssürat yaradırdı...