Səadətdi doğurdan uca amal uğrunda,
buğum-buğum doğranmaq,
tonqal içrə kül olmaq,
Qumluqdan sızıb ölmək
sonda miskin Məcnunda,
Leylinin yaxasında solmayan bir gül olmaq!
Səhərdən axşamadək arı kimi əlləşmək;
Xoşdu şah qapısında namuslu bir qul olmaq...
Soyuq torpaqda yatmaq,
görməmək yorğan-döşək,
sonra da şah əmriylə uzun boynu vurulmaq!
Bu cür böyük ölümlər səadətdi, səadət,
Böyük ölümlər üçün bir qədər qocayam mən.
Görünür belə imiş Allah yazan son qismət,
Görünür ki, lap xırda dərddən öləcəyəm mən!
Bir cocuq çırtmasından ruhum uçacaq göyə,
Göyərçin qurultusu cana verəcək qüsul.
Öləcəyəm yol üstdə bir kol quruyur deyə,
öləcəyəm, görsəm ki, bir kasıb köpük qusur!
Barım, bəhərim məlum,
arxayınam sərvətdən –
Dartıram külfətimi: yoxuş - eniş ürəyim!
Nə mərddən, nə namərddən,
xırdadan xırda dərddən –
tıxacda çatlayacaq yolu geniş ürəyim!
Minnətli bir misqalın yükü batmandı mənə,
Yaltağın bəslədiyi hörmətdən öləcəyəm.
Min illik məhəbbətin gücü çatmadı mənə,
Min faiz, bir əclafa nifrətdən öləcəyəm!
Halal südəmmişlərin buşqağa məhkum canı,
Sürtük yelbeyinlərin yarımağı sonumdu.
Yuvasına dən dartan qaraca qarışqanın
ayaq altda əzilən baş barmağı... sonumdu!
Hər kəsin fəndi yetməz,
ucadı qurduğum taxt:
Qatil, qəfil vurmağa gizli yollar arama!
Mənim zəif yerimi qardaşım bilir ancaq,
Son əcəl xəncərini o soxacaq yarama!
Düşünmürəm ki, öləm xəyalı dərin meydən,
Əli, Vəli, ya da ki, Həşim vuracaq məni.
Ya odun tükənəcək, ya öləcək Gün göydə -
Bütün bunlar olmasa...
maşın vuracaq məni!