Ulduz Qasım: Təşəkkür edirəm, canım mənim, gözəl, istedadlı, Günelim! Ancaq, bilirsən, bu tarix mənim dakumentdə olan tariximdi. Əslində 08.08.-də dünyaya göz açmışam. Olsun, sənin nə zaman təbrik yazmağındı önəmli olan.
Günel Mövlud:
"Fədakarlıq" sözü insan olsaydı, yəqin ki, bu qadın olardı..
"Fədakarlıq" sözü insan olsaydı, yəqin ki, bu qadın olardı. Gözəl bibim, babamın fəxri, ailəmizin ümid yeri, mələk qəlbli bibimiz, yazıçı Ulduz Qasım...
Birinci Qarabağ Müharibəsindən sonrakı illər, yəqin ki, hamının yadındadı. Ən sadə ərzaqların, ən sadə ehtiyacların ya heç tapılmadığı, ya da minbir zülümlə tapıldığı illər. Qıtlıq, xaos, total depressiya, qeyri-müəyyənlik. O illərdə hardansa gələn cüzi bir köməyin elə böyük əhəmiyyəti vardı ki, o illərdə insanın hardasa bir ümid yerinin olmasına elə ehtiyacı vardı ki...
Bizim ümid yerimiz o idi. Təkcə ailəmizin deyil, yaxın-uzaq qohumların deyil, ölkənin dörd yanına səpələnmiş kəndlilərimizin, yaxından-uzaqdan ailəmizi tanıyanların, daha kimlərin, daha kimlərin...
Onun Moskvadakı evi ümid yeri idi, o çətin illərdə pənah qapısı idi. Xəstəsi olan, tələbəsi olan, iş axtarmağa gedən...Hamı onun evinə pənah aparırdı. Bircə dəfə də kimisə naümid qaytarmaq, köməyini əsirgəməzdi. Qohumlarını, kəndlilərini günlərlə, həftələrlə (bəzilərini illərlə!) evində saxlayıb, xəstəni həkim yanına aparıb, tələbəni universitetində, yataqxanasında, kirayə qalacağı yerdə yerləşdirib, iş axatarana iş tapıb, kimsəni naümid qaytarmazdı.
Evinin bütün otaqlarında kömək üçün gələn insanları yerləşdirib, yoldaşı, uşaqları ilə mətbəxdə yatdığı az olmayıb. Bəs, bir dəfə olsun, qaşlarını çatıb, üzünü turşudardımı...Yox!
Bəzən yay aylarında bir neçə günlük bizə gəlirdi. Əynindəki paltar, boynundakı şərf, əlindəki çanta, boyun-boğazındakı bəzəklərə elə gözümüz düşürdü ki...Qıtlıq illəri idi, insanların ayda-ildə bir paltar almağa belə imkanı yox idi, o ki qaldı bər-bəzək, kosmetika olsun...Boğazındakı şərfi açırdıq, əlindəki çantanı alırdıq, qulağındakı sırğanı birimizə, tuflilərini birimizə, əynindəki paltarı belə kiməsə bağışlayıb, köhnə xalat, şəpşəpi geyinib, geri gedirdi. Bir dəfə olsun, üzünü turşutduğunu görmədik. Gülümsəyə-gülümsəyə, saçımızı-başımızı sığallaya-sığallaya edirdi bunların hamısını...
Tanrı, təbiət, tale - hər nədirsə, ona həmişə ürəyinin təmizliyinə, gözəlliyinə görə verdi. İmkanı oldu, qohumlarına, sevdiklərinə daha çox xərclədi, maşınlar, mənzillər bağışladı. Onlarla ailə illər uzunu onun əlinə baxdı, hər çətinlikdə ondan umdular, ondan gözlədilər. Bir dəfə də olsun, kimsəyə minnət qoymadı, təkəbbür göstərmədi.
Rayonumuzun birinci qadın jurnalisti idi, yüksək mədəniyyəti, savadı, işi, karyerası, imkanı - heç nə onun sadə, mülayim, ipək xasiyətini dəyişmədi. Uşaqla uşaq, böyüklə böyük oldu.
Mələk qəlbli gözəl bibim, bu gün daha bir yaşın tamam olur. Yaşın neçə olur, olsun, sən mənim üçün uşaqlığım boyu tələbəlik şəkillərinə heyranlıqla baxdığım uzunkirpik, qaragöz, zərif mələksən. Hərdən mənə elə gəlir ki, gözlərimi bir az qıysam, qanadlarını görə bilərəm. Yaşa, yaz, sevdiklərindən öz şəfqətini əsirgəmə. Səni bərk-bərk qucaqlayıram!