28 yanvar 2015-ci il… Vaqif Səmədoğlunun həddindən çox sevdiyi, elə bu səbəbdən də kədərinə büründüyü, hərdən bir dost kimi zarafatlaşdığı dünyayla vida günüdür… Həmin anların boğazımı yandıran qəhərini elə indi də o ağır dəqiqələrdəki kimi hiss edirəm.
Yaxınlarda işıq üzü görən “Vaqif Bəhmənli. ƏSƏRLƏR” çoxcildliyimin 8-ci cildində böyük şairdən bəhs edən yığcam məqalə və onunla eksklüziv müsahibə də yer alıb.
Facebook bu həcmdə yazıların yayımı üçün bəlkə o qədər də uyğun platforma deyil, amma yenə də ustadıma ehtiram xatirinə paylaşıram. Əgər bu yazı humanitar təmayüllü saytlarımızın, ünumən Vaqifsevərlərin qarşısına çıxsa, həmrəylik göstərib paylaşmalarını təmənna edərdim. Allah qüdrətli şairimizə rəhmət eləsin! Amin!
ƏN CAVAN QOCA
Doğulub yaşadığın vətəndə
Mühacir üşütməsiylə titrəyirsən
İllər uzunu, bir tale boyu.
Sonra qərib məzarı qazılır
Sənə ana torpaqda...
Hayıf ki, Vaqif Səmədoğlu qürbətdədi. Görünür elə bu səbəbdən çağdaş ədəbi mühitdə olduğum uzun illər boyu böyük türk şairi Vaqif Səmədoğlunun üzünə həsrət qaldım. Amma zaman-zaman göz-gözə dayanmağa, doyulmaz qardaş sevgisi ilə qərib şairi bağrıma basıb onunla bahəm hönkür-hönkür ağlamağa, onun vətən həsrətinin cəhənnəm istisi üstünə bircə ovuc su töküb kədərli və göynər şair qəlbinin səbbini almağa və heç olmasa bu yolla azca dinclik tapmağa nə qədər ehtiyacım var idi. Hayıf ki, Vaqif Səmədoğlu qürbətdədir!
Doğma yurddan yüz il öncə iraq düşənlər də döndülər, onların nəvə-nəticələri də... Kədərli sifətlərini məmləkətin kədərli daşlarına sürtdülər. Araz su yoluna döndü. İstambul, Ankara nə qədər yaxındaymış, ilahi!
Yalnız onun, təkcə Vaqif Səmədoğlunun mühacirətdən vətənə döndüyünü görən olmadı!
Məncə onun çöldə Vətəni yoxdur. Vətən onun içindədir. Bəlkə də yuxusunda... Vaqifin vətənə dönməyini görmək üçün özünün nişan verdiyi bircə yol var; onunla bir yerdə eyni yuxunu görmək!
Bəlkə yuxu görək bir yerdə?
Bəlkə bir yerdə
Gözlərimizi yumub
başa düşək ki,
bir yerdə yuxu görə bilməyəcəyik
bu dünyada...
Zalım şair öz çırağını özü söndürüb. Vətənə yetəcəyi ehtimal olunan sonuncu yolu özü bağlayıb!
Bəs nə edim? Türkün ana dilində əriyib axan bu şama yapon, ingilis, alman, rus, ispan, italyan...kimi məndəmi həsrət qalım?..
... onsuz da qara torpaq hamını qovuşdurur. Amma mən onu məhz bu dünyada anlamaq istəyirəm... Bu dünyada!
O, adamları dönə-dönə yuxularına çağırır. Onun adamların yuxularına girmək haqqı var!
Adamın yuxusuna Vətən girər, mənim yuxuma qürbət girdi – Vaqif Səmədoğlu... Onunla bağlı öncəki yuxularımı, şübhəsiz, danışacağam. Amma sonuncu dəfə Vaqif Səmədoğlu yuxuma girəndə belə dedi: “Mən burdayam, ilahi...” Necə ki, Vaqif Səmədoğlu insaf-mürvət bilmədən Allaha yalvarır:
Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa –
Elə o insaf-mürvət tanımayan bir güclə də Tanrıya yalvarıram: məni bu yuxudan heç zaman ayıltma, ilahi!
Vaqifin yuxuları mənə nə deyir?
60-cı illərdən bu yana o bizim çağdaş ədəbiyyatımızın ən qoca şairidi. Bir şair kimi Vaqif Səmədoğlu qoca doğuldu və qoca da qaldı. Məncə, Vaqif Səmədoğlu ilk qələm təcrübələri olmayan şairdi. Lap siftədən çılğınlığın, pafosun, hay-küyün nə olduğunu bilməyən, yaxud bütün bunları özünə yaxın buraxmayan, soyuq, yetkin, təmkinli! Bu hələ hamısı deyil!
Vaqif Səmədoğlu bizim çağdaş şerimizin ən cavan şairidi. O, cavan doğuldu, cavan da qaldı! Vaqif Səmədoğlu hər il, hər ay, hər gün ədəbiyyata yenidən gəlir.
Əlbəttə, bu məsuliyyətli, bir qədər qəribə səslənən deyimlərin hər birini misallarla sübut eləməliyəm. Vaqif Səmədoğlunun bənzərsiz nəğmələri söykənmək üçün kifayət qədər etibarlıdır, lakin bir neçə vərəqlik həmkar düşüncələrində onun nə, kim, necə olduğunu, başqa sözlə, tam qiymətini vermək iddiası ən azı gülüş doğura bilər. Di gəl xoşbəxtlik bundadır ki, Vaqif Səmədoğlunun bütün yaradıcılığına şamil edilə biləcək kitab-kitab ədəbi duyumları, oxucu qənaətlərini onun bircə şerinin, bircə misrasının da üstünə demək olar. Mən isə yalnız özümə bəlli yuxularımdakı Vaqif Səmədoğludan bəhs edən düşüncə, söz akvarellərini işıqlığa çıxarmaq istəyirəm...
Vaqif Səmədoğlunun 1968-ci ildə “Yoldan teleqram” kitabı çıxanda 13 yaşım olub, o zaman artıq kitab oxumaq “xəstəliyinə” tutulmuşdum. Nə tapırdım oxuyurdum. Amma “Yoldan teleqram”ı çox-çox sonralar tapdım. Vaqifin “Günün baxtı” kitabı çap olunanda isə artıq Bakıdaydım, ədəbiyyat dərnəklərinə gedirdim. Nədənsə, mənə elə gəlir ki, “Günün baxtı”nı oxuyanda haramsa bərk ağrıyırdı, üstəlik şairin ilk oxuduğum kitabı, “Günün baxtı” da mənə əməlli-başlı zülm verirdi. Elə bil içimdəki hamar şüşəyə paslı mismar sürtürdülər. Biz belə şeirlərə öyrənməmişdik. Səməd Vurğunun nəğmələrini əzbərləyirdik. İndi də o kitab yadıma düşəndə beynim acıyır...
Yuxu kimi xatırladığım bir görüş yadıma gəlir. Gərək ki, 1976-cı il idi. 21 yaşında idim. Aktyor evində Səməd Vurğunun yubiley gecəsi keçirilirdi. Vaqif üstünə gül-çiçək qoyulmuş jurnal stolunun arxasında oturmuşdu. Daha kimsə... Danışmaq üçün mənə söz verdilər. Səməd Vurğuna xalq məhəbbətindən danışdım. Dedim ki, nəinki onu görənlərin, tanıyanların, lap balaca uşaqların da Vurğun haqqında xatirələri var. Məsələn, mənim adım Vaqifdi, bacımın adı Xuramandı, o biri bacımın da adı Gülnardı. Səməd Vurğunun qəhrəmanları və şair ruhu həmişə bizim evimizdədir, anam onun şeirlərini əzbər bilir, Səməd Vurğun bizim kəndimizə ova gəlib. Hətta sovet sədri Nuğaya bir “Pobeda” da bağışlayıb. O “Pobeda” indi də bizim kənddə durur...
Bütün bunları deyirdim və nədənsə mənə elə gəlirdi ki, adaşım Vaqif mənə bir qardaş sevgisiylə baxır.
Sonra da Vurğuna həsr elədiyim bir şeir oxudum. O bəsit yazının xəcalətini indi çəkirəm. O sayaq isti çıxışından sonra elə bəsit şeir oxuyacağımı yəqin ki, Vaqif Səmədoğlu da gözləmirdi...
Və təqribən on il öncə, bir payız günü Qoburnat bağının ayağındakı çayxanada onun sənət dostlarıyla çay içdiyi süfrənin bir qırağında mən də əyləşmişdim. Onda Vaqifi dəlicəsinə sevirdim. Hardansa əlimə keçən “Yoldan teleqram”ı hər gecə sonacan oxuyur və yastığımın altına qoyub yatırdım. Söhbət arası Vaqif bəy belə bir söz işlətdi: həqiqi şair odur ki, stolun gözünə yazır!
80-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru Əkrəm Əylisli Vaqif Səmədoğlunun yazı stolunun yuxulu siyirtməsini çəkəndə barmağımı dişləyib anladım ki, o niyə belə deyirmiş...
Səməd Vurğunun oğlu ona görə belə demirmiş ki, yazdığı üsyankar şeirlər çiçəklənən sovet imperiyasının sərt şaxtasında donar, yaxud “qlavlit” onun misralarını qanına qəltan edər. Vaqif Səmədoğlu gül kimi balalarını eybəcər cəmiyyətin ağuşuna atmaq istəmirdi. Vaqif Kommunist mətbuatında çap olunmaq istəmirdi... O, saf, dərin, qəmli duyğularının üstünə çirkab sıçradan zamana nifrət bəsləyirdi. Elə buna görə də söz adamı üçün ən təmiz yerə – stolun gözünə yazırdı... Və...
Bütün bunlar olub, həqiqətən olub, həm də sanki olmayıb. Sanki mənim tanıdığım, fəqət məni tanımayan dərdli, düşüncəli, fikirli bir adam yuxuma girib.
Düşünürəm, insanın elə fövqəl yuxuları var ki, onun canlı həyatından daha realdır, bəlkə də daha mənalıdır.
Vaqif Səmədoğlu mənim real və mənalı yuxumdur. O, bu qərib Bakı şəhərini ehmal bir yuxu kimi gəzib dolaşır. Vaqif Səmədoğludan Hamlet qoxusu gəlir! Vaqif Səmədoğlu poeziyası həm keçmişdir, həm gələcək. Vaqif Səmədoğlu bu günə kimi gələ bilir...
O niyə belə qoca doğuldu, İlahi? O nədən belə gənc qaldı? Hayıf ki, bir yerdə yuxu görmək olmur. Amma bu da bir yuxudu.
1989-cu ilin yayında Pidsundda, yazıçıların yaradıcılıq evində işləyirdim. Almaniyadan buruq-buruq uzunsaçlı və lopabığlı bir türk yazarı da ora gəlib çıxmışdı. O məndən çağdaş Azərbaycan şairləri barəsində soruşdu. Adlar çəkildi; Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Əli Kərim, Məmməd Araz, Tahir Qurbanov, Eldar Baxış, Camal Yusifzadə, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Seyran Səxavət, Akif Əhmədgil, Yunis Novruzov və başqaları...
Vaqifin:
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
– misralarını eşidəndə türk şairi tüklü başını ovucları arasına alıb vaysındı: “Allah, Allah, bu nasıl zalım şair?” Almaniyada yaşayan o türk şairi haradan başa düşəydi ki, biz nə çəkmişik, bizi nə bu günə qoyub...
Görünür, Vaqif Səmədoğlunun o iki misrasında yaşayan Azərbaycan həqiqəti çox zamanlar sürəsi dünya tərəfindən dərk olunmayacaq, sadəcə eşidəni dəhşətə gətirəcək...
Bu bir dəhşətli yuxudur. Vaqifi acı yuxulu zaman doğub...
Budur, qarşımda yeni bir kitab: Gümüşü tabut rəngində. Yuxarıda Vaqif Səmədoğlu, aşağıda “Mən burdayam, İlahi”. Bəlkə yuxuda Tanrıyla insanlar yerlərini dəyişirlər?
Vaqif sözü qatbaqat... yuxu, dua, sevgi, siqaret tüstüsü, can ağrısı, quş səsi, daş soyuğu, çiskin, konyak qoxusu, taksi, zil qaranlıq, saysız hesabsız qapılar, itmiş açar, söz közərtisi, ürək göynərtisi...
Mən hələ yuxudayam. Bu yuxudan ayılsam eybi yox, ayılmamaq daha zor! Yuxun şirin olsun, Vaqif Səmədoğlu, yuxuma zəhər qatdın...
Səndə günah yox, qardaşım! Bircə yaza inanıram! Əgər ayılsam, öncə bu yuxumu çağlar yaz sularına danışaram. Hələ ki, mən burdayam, İlahi! Yuxuda...
VƏ SONDA 10 DƏQİQƏ SÖHBƏT
– Salam, Vaqif müəllim.
– Salam, adaş.
– Salamdan sonra bəlkə də belə sual verməzlər, amma məcburam. Vaqif müəllim, siz özünüzü kədərli adam sayırsınız?
– Əbədilik həsrəti həmişə məndə olub. Özümdə belə bir fikir formalaşdırmışam: vaxta paxıllıq, zamana, əbədiliyə paxıllıq güclüdür məndə. Bilirəm ki, bunlar əbədidir, mən yox. Bu məndə həmişə kədər doğurur.
– Sizin şerinizdəki kədərlə, pyeslərinizdəki nikbinlik təzad təşkil edir. Nədən?
– Qətiyyən, Vaqif, heç bir ziddiyyət yoxdur, heç bir təzad yoxdur. Mənim yaradıcılığım hamısı bir şeydir. Pyeslərimdə bir səhnə belə komik deyil, hamısı kədərlə bitir. Sadəcə olaraq, pyeslərdəki yumor professionallıqdan gəlir, tamaşaçı marağı doğurmaq üçündür. Əgər mən tamaşaları da şeirlərdəki kədər üslubunda yazsam onlar şit dərəcədə ağlamalı çıxar.
– Sevgiyə inanırsınız?
– Əlbəttə inanıram. Və bir sevgiyə yox, bir neçə sevgiyə.
– Ümumiyyətlə, sevgi varmı?
– Var. Bu yaşda da sevirəm.
– Darıxdığınız vaxtlar çox olur?
– Həmişə darıxıram.
– Nədən darıxırsınız, havadanmı, vaxtdanmı?
– Açıq havadan da, tutqun havadan da, dağdan da, arandan da...
– Neyləyirsiniz darıxanda?
– Şeir yazıram.
– Tez-tez darıxırsınız?
– Darıxıram və həmişə də yazıram.
– Çox yazmaq nə dərəcədə düzdür?
– Mən musiqiçiyəm. Həmişə də deyirəm ki, mən yəhudi musiqiçisi kimi işləyən Azərbaycan şairiyəm. İfaçılıq sənətinin qaydasına görə gərək gündə beş-altı saat çalasan. Karandaşsız-qələmsiz düşünməyə ixtiyarım yoxdur. Bunu başqa bir kəsə şamil edə bilmərəm. Mən belə öyrənmişəm.
– İlin hansı fəslində özünüzü yaxşı hiss edirsiniz?
– Bir dənə pyesim var idi, “Yayda qartopu oyunu”. Mən yayda qar yağmağı görmüşəm. Qışda qolsuz köynəkdə gəzmək istəmişəm. Mənə görə il, fəsil boş şeydi. Elə gün var ki, ona dörd fəsil yerləşir.
– Boş vaxtınız çox olur?
– Heç olmur. Bütün vaxtım boşdur, eyni zamanda boş vaxtım yoxdur.
– Yazmayanda neyləyirsiniz?
– Şeir haqqında fikirləşirəm. Yəni bilə-bilə yox ey, sadəcə başqa cür mümkün deyil.
– Necə bilirsiniz, sizi çox adammı başa düşür?
– Bu barədə fikirləşməmişəm. Bilirsiz, insan 5 yaşına qədər dolğunlaşır. Şairi də əlbəttə, ilk oxucuları formalaşdırır. Mənim ilk oxucularım kim olub: Anar, Rəhman Bədəlov, Araz Dadaşzadə. Emin Sabitoğlu... Onlar yüksək səviyyəli oxucular olublar, ondan sonra mən dəyişməmişəm. Şeir yazanda dediyim səviyyəyə yazıram. Kiminsə başa düşüb-düşməməyi ayrı bir məqamdır, məndən asılı deyil.
– Ən çox hansı şəhəri sevirsiniz?
– Bakını və onun kəndlərini.
– Kənddə yaşamaq istərdiniz?
– Bu, mənim ən böyük arzumdur. Allahın köməyi ilə mütləq bu arzuma çatacağam.
– Allah qoysa!
“Vaqif Bəhmənli. ƏSƏRLƏR” çoxcildliyimin 8-ci cildi.
Bakı, Zərdabi nəşrlər evi, 2025-ci il