Yanvarın 30-da futbol üzrə UEFA Avropa liqasının əsas seçmə mərhələsində sayca 8-ci olan son turun oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" həmin gün Yunanıstanın Pire şəhərində yerli "Olimpiakos"la qarşılaşacaq. Saat 00:00-da "Qeorqios" stadionunda başlanacaq oyunun taleyi ruminiyali referi Radu Peterskiyə həvalə edilib. Ona öz həmyerliləri olan laysmanlar - Radu Qinkulyak və Mirça Qriqoru kömək edəcək. Matçın dördüncü hakimi Martsel Birsan olacaq.
Qeyd edək ki, turnirin pley-offuna çıxmaq şansını itirən "Qarabağ"dan fərqli olaraq, hazırda 12 xalla 12-ci pillədə yer alan "Olimpiakos" klubunun hətta son matçda qalib gəlməklə ilk səkkizlikdə yer alaraq birbaşa 1/8 finala çıxmaq şansı var. Belə ki, Yunanıstan təmsilçisi aktivindəki xalların sayını 15-ə çatdırmaqla ilk səkkizlikdə yer ala bilər.
Yeri gəlmişkən, "Qarabağ" keçirdiyi 7 oyundan sonra cəmi 3 xal toplamaqla 36 komanda arasında 34-cu pillədə yer alıb. Çempionumuz yalnız "Nittsa" (2 xal) və Kiyev "Dinamo"sunu (1 xal) qabaqlayır.
İNTİQAM Məmmədov