Mingəçevir futbol klubu daha əvvəl İsrail klublarında çıxış etmiş nigeriyalı hücumçu Abba Usmanla müqavilə imzalayıb.
Bu barədə komandanın baş məşqçisi Fizuli Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 21 yaşlı hücumçu yaxşı sürətə malikdir.
“Mən təyin olunduqdan sonra hazırlaşmaq üçün az vaxtımız oldu və qış transfer bazarı o qədər də asan deyil. Bununla belə, heyəti bir neçə yerli futbolçu ilə gücləndirdik və A.Usman bizim ilk xarici alışımız oldu. İş davam edir, ümid edirəm ki, məqsədimizə nail olacağıq. Birinci Liqada qalmaq niyyətindəyik”, - deyə F. Məmmədov qeyd edib.
Xatırladaq ki, Mingəçevir 6 xal toplayaraq Birinci Liqada sonuncu, onuncu pillələrdə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 31-də səfərdə "Zaqatala"ya qarşı keçirəcək.