Yanvarın 31-də paytaxt Bakıda kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək. Etibarlı mənbədən verilən məlumata görə, kişilərin yarışında 26, qadınlarda isə 16 şahmatçı mübarizə aparacaq. Həm kişilər, həm də qadınlar Olimpiya sistemi (uduzan çıxır) üzrə güclərini sınayacaqlar. Reqlamentə görə qarşılaşan cütlər iki görüşdə qarşılaşacaqlar. Əgər bu iki görüşdə qalib aşkar edilməzsə, onda oyun tay-brekdə davam etdiriləcək.
Qeyd edək ki, ilk dəfə olaraq, Azərbaycan çempionatında çempionluq titulu və medallar uğrunda ölkənin üzdə olan şahmatçılarınin hamısı iştirak edəcək (yığmanın bütün üzvləri, FİDE reytinqində yüksək göstəriciləri olanlar, eləcə də 1-ci dəstədə fərqlənənlər). Beləliklə, ölkə çempionatında 19 Azərbaycan çempionu, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri mübarizə aparacaq.
Kişilərin yarışında ucqat Avropa, bir dəfə isə blits üzrə dünya çempionu Şəhriyar Məmmədyarov, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Rauf Məmmədov, hazırkı ölkə çempionu Aydın Süleymanlı, qitə çempionu Eltac Səfərli, Vasif Durarbəyli, Məhəmməd Muradlı, eləcə də iddiaçılar turnirinin iştirakçısı Nicat Abbasov və başqaları özünü sınayacaq.
Qadınların analoji yarısında isə Avropa çempionu Ülviyyə Fətəliyeva, qitə çempionatının mükafatçısı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, eləcə də gənc qızlar arasında dünya çempionu Ayan Allahverdiyeva, o cümlədən Zeynəb və Türkan Məmmədyarova bacıları iştirak edəcəklər.
Mükafat fonduna gəlincə, kişilərin yarışının mükafat fondu 90 min, qadınlarınkı isə 30 min manat təşkil edir. Kişilərdə qalıb 20 min, qadınlarda isə 10 manat qazanacaq.
İNTİQAM Məmmədov