Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Necə gəldi,necə keçdi bilmədim.

Girdabında batmamağa çalışdım.

Sınağında ,qınağında illərin

Zərrə-zərrə,qətrə-qətrə alışdım.

 

Zərrə-zərrə, qətrə-qətrə alışdım,

Bu od, alov sox qarsadı üzümü.

Tanrı mənə nə etdisə barışdım,

Son anda da itirmədim özümü.

 

İtirmədim, itirmədim özümü,

Sinə gərdim gərdişinə dünyanın.

Uca tutdum dəyanəti, dözümü,

Uymadım hər vərdişinə dünyanın.

 

Uymadım hər vərdişinə dünyanın,

El yanında xoş çəkildi, xoş adım.

Dayaq oldum mərd işinə dünyanın,

Taleyimi bax beləcə yaşadım.

 

Taleyimi bax beləcə yaşadım,

Yolum oldu mübarizlik, mərd savaş.

Ömrü haqqa, ədalətə qurşadım,

Bilmədim heç necə keçdi 70 yaş.

 

Heç bilmədim necə keçdi bax bu yaş,

Ülviyəti yaşatmağa çalışdım.

Qoy adıma deməsinlər qəlbi daş

Mən içimdə zaman-zaman alışdım.

Asif Asiman