Susur telefonun, cavab verməyir,
Telefon xətləri könlümün simi.
Sənin dizin üstə telefon deyil,
Qəlbimdir, sızlayır telefon kimi.
Susur telefonun dərdli qadın tək,
Dərdini deməyə həmdəmi yoxdur.
Susur telefonun tənha adam tək,
Onun sitəmi yox, sevinci çoxdur.
Xəttin o başında yoxdu danışan,
Sənsizlik ox olub bağrımı dəlir.
Xəttin bu başında mənəm alışan,
Öz səsim üstümə qayıdıb gəlir.
Cürbəcür fikirlər gəlir eynimə,
Şübhə kölgəsini çəkmir üzümdən.
Mən özüm özümə zəng eləyirəm,
İndi danışıram özüm özümlə.
Susur telefonun, susur nə vaxtdır,
Susur daş ürəkli canilər kimi.
Qəlbimin telləri əsir nə vaxtdır,
Telefon telləri qəlbimin simi.
1975
p.s. Bu cızmaqara yazılanda hələ mob.telefonlar yox idi...
Özüm o vaxtkı kimi olmasam da, foto o vaxtınkıdır.)