Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda gənclərlə görüş keçirilib

 

Masallıda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar bir qrup fəal gənclə görüş keçirilib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu: “1994-cü ilin 26 iyununda dövlət gənclər siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə Ümumilli Lider Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Heydər Əliyevin dəstəyi ilə gənclərin ilk forumu keçirilmişdir. Forumda Ümumilli Lider şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdən forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral-Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. 
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti inkişaf edən ardıcıllıqla davam etdirilir. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Azərbaycan Ordusunun tərkibi, əsasən, gənclərdən ibarətdir. Vətən müharibəsi iştirakçılarının əksəriyyəti gənclər idi. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Şəhidlərimizin əksəriyyəti gənclərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Sonra rayon rəhbəri respublikamızda olduğu kimi rayonumuzda da gənclərin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirərək, idarə-müəssisələrdə çalışan gənclərin statistik sayını, təhsil, idman sahəsindəki uğurlarından bəhs edib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev, Həsənli kənd tam orta məktəbinin müəllimi Zenfira Həmzəyeva, Masallı Regional “ASAN” Xidmət Mərkəzinin əməkdaşı Vüsal Əliyev respublikada aparılan uğurlu gənclər siyasətindən danışıb, gəncləri təbrik edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərinə minnətdarlıq ifadə ediblər. 
Tədbirin sonunda bir qrup fəal gənc RİH başçısı Araz Əhmədov tərəfindən Fəxri Fərmanla təltif olunub.
 
Akif AĞAYEV